İkinci Avropa Oyunlarının paytaxtının seçkiləri may ayında keçiriləcək

Bu ilin mayında Türkiyədə, Avropa Olimpiya Komitəsinin (AOK) Fövqəladə Baş Assambleyasında İkinci Avropa Oyunlarının paytaxtının seçkiləri keçiriləcək. Allsport.az xəbər verir ki, AOK-un vitse-prezidenti Aleksandr Kozlovskinin sözlərinə görə, 2019-cu ilin yayında Avropa Oyunlarının keçirilməsinə əsas namizəd Niderlanddır.

A.Kozlovski deyib ki, artıq xərclərə yol verməmək üçün namizəd ölkələr arasında yarış rəsmən elan edilməyib. AOK növbəti Oyunların keçirilməsinə namizədi müstəqil müəyyən etmək funksiyasını öz öhdəsinə götürüb.

O bildirib ki, mayda Avropa olimpiya komitələrinin ənənəvi seminarı keçiriləcək. Bu seminar bir saatdan az davam edəcək Fövqəladə Baş Assambleyaya çevriləcək. Vitse-prezidentin sözlərinə görə, 2019-cu ilin Avropa Oyunlarının keçirilməsinə təkcə Niderland maraq göstərməyib. O fikrini belə yekunlaşdırıb:

“Bizim Avropa Oyunlarının keçirilməsinə maraq göstərən başqa ölkələr ilə də müəyyən danışıqlarımız olub. Konkret ad çəkməyəcəyəm. Lakin bunlar həmin ölkələrdir ki, vaxtilə onların Olimpiya oyunlarının keçirilməsinə namizədliyi nəticəsiz qalıb”.

Kozlovskinin fikrincə, yarışların bütün ölkədə keçirilməsi konsepsiyası sayəsində növbəti Avropa Oyunlarının ev sahibi qismində məhz Niderlandın namizədliyi təklif ediləcək.

Xatırladaq ki, Birinci Avropa Oyunları bu il iyunun 12-28-də Bakıda keçiriləcək. Dünyanın 49 ölkəsindən 6 mindən çox atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. Yarışlar 21 idman obyektində keçiriləcək.

Həmin kateqoriyadan