“İnter” bəyanat yaydı: “Ümid edirik ki, Rauf Əliyev qaydalara uyğun addım atacaq”

Albaniyanın “Kukesi” klubuna keçən hücumçu Rauf Əliyevin adı ətrafında qalmaqal bitmir. Allsport.az saytı xəbər verir ki, futbolçunun son klubu olan Bakı “İnter”i onunla bağlı bəyanat yayıb:

“Premyer liqasının 2016/17 mövsümü başa çatandan sonra “İnter”in rəhbərliyi Avropa liqasının oyunlarına hazırlıq öncəsi komandanın məşqçi heyəti və futbolçuları ilə görüş keçirdi. Həmin görüş zamanı klub rəhbərliyi maliyyə çətinliyinə baxmayaraq, komanda üzvlərinə hərtərəfli dəstək veriləcəyini bildirdi və hər bir futbolçunun klub üçün dəyərli olduğunu vurğuladı. Bununla yanaşı, görüşdə futbolçuların diqqətinə çatdırıldı ki, “İnter”də qalıb-qalmamaqla bağlı seçimləri də var. Təlim-məşq toplanışına gələn futbolçular (Səlahət Ağayev istisna olmaqla), o cümlədən Rauf Əliyev klubdan ayrılmayacaqlarını bildirdilər.

Lakin yeni mövsümün başlanmasına 4 gün qalmış “İnter”in üzvü Rauf Əliyev klub rəhbərliyilə görüşərək komandadan ayrılmaq istədiyini bildirdi. Klub rəhbərliyi belə istəyin çempionatın başlanmasına ən azı 1 ay qalmış irəli sürülməsinin əhəmiyyətini R.Əliyevin diqqətini çatdırdı. Bununla yanaşı, UEFA-nın məlum transfer qadağasının olduğuna görə heyətin formalaşdırılmasında çətinliklərin olacağını və komandanın baş məşqçisi Zaur Svanadzenin onun xidmətində maraqlı olduğunu Rauf Əliyevə izah edildi. Klub rəhbərliyi onunla görüşdə xüsusi olaraq vurğuladı ki, “İnter”dən getmək istəyini Avropa Liqasına hazırlığa başlamamışdan əvvəl bildirməli idi, çünki belə olacağı təqdirdə, onun yerinə əvəzedici heyətdən oyunçu cəlb edilə və həmin oyunçunu Avropa Liqası, eyni zamanda, premyer liqada yeni mövsümün oyunlarına hazırlamaq mümkün ola bilərdi. Buna görə də, klub rəhbərliyi Rauf Əliyevin komandadan ayrılmaq istəyinin futbol qaydalarına uyğun həll edilməsində maraqlı olduğunu bir daha futbolçunun diqqətinə çatdırdı.

Bununla belə, klub rəhbərliyilə danışıqlardan sonra o, AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşərək, Azərbaycandan kənarda oynamaq arzusunda olduğunu bildirdi. Azərbaycan milli komandasına cəlb olunan futbolçuların xarici klublarda oynamasını dəstəkləyən AFFA-nın baş katibi Elxan Məmmədov onunla bağlı “İnter”ə müraciət edərək, azərbaycanlı futbolçuların xaricdə oynamalarına dəstək verilməsini və bütün bunların hüquqi müstəvidə həll olunmasını tövsiyə etdi. Ancaq həmin görüşdən sonra Rauf Əliyev məşqlərə qatılmayaraq və klub rəhbərliyinə məlumat verməyərək Albaniyaya getdi.

“İnter” rəhbərliyi Azərbaycan milli komandasının hər bir üzvünün inkişafına təsir göstərəcək istənilən addımları dəstəkləyir və bundan sonra da dəstəyini əsirgəməyəcək. Lakin Rauf Əliyev “İnter”dən ayrılmasına görə kluba hər hansı bir təzminat ödəməkdən intina edərək, məsələni Kütləvi İnformasiya Vasitələri üzərindən həll etməyə çalışır ki, bu da xoşagələn hal deyil. “İnter” rəhbərliyi bir daha bəyan edir ki, klub azərbaycanlı futbolçuların xarici komandalarda oynamalarını dəstəkləyir, ancaq istənilən halda bu məsələ sivil qaydalara uyğun olmalıdı. Ümid edirik ki, Rauf Əliyev də bu qaydalara uyğun addım atacaq”.

Həmin kateqoriyadan