“Zəif oyunun səbəbini aydınlaşdıracağıq”

Futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldovaya qarşı keçirdikləri oyunu şərh edib. Alldport.az xəbər verir ki, braziliyalı mütəxəssis millimizin 5:3 hesablı qələbəyə sevindiyi oyundan sonra baş tutan mətbuat konfransında bunu söyləyib:

“Bu gün oyunumuz alınmadı. Bu da matça tam köklənə bilməməyimizlə bağlıdır. Görüş bizim üçün çox çətin oldu. Rəqibimiz də bu gün ən yaxşı oyunlarından birini keçirdi. Çoxlu səhvlərə yol verdik. Hətta buna görə məğlub da ola bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq. Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik.

Moldovanın Avropa çempionatına vəsiqə qazanmaq şansı öz əlindədir. Biz növbəti oyunda Slovakiya ilə üz-üzə gələcəyik. Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq. Moldova isə qalan görüşlərini qələbə ilə başa vursa, məqsədinə nail olacaq”.

Həmin kateqoriyadan