“Kəpəz”in baş məşqçisi Vinçester məsələsinə aydınlıq gətirib

‘Bu məsələni dəhşətli dərəcədə şişirtdilər. Elə bil böyük hadisə baş verib. Guya dava-dalaş düşüb, Yunis müəllim də bunu gizlədir”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib. 53 yaşlı çalışdırıcı komandanın qışda heyətə qatdığı Samir Zərgərov və Şadon Vinçester arasında ciddi problemin olmadığını söyləyib. O, trinidad və tobaqolu hücumçunun komandadan qovulmadığını və kollektivlə birlikdə məşqlərdə iştirak etdiyini əlavə edib:

“Futbolçular arasında ciddi heç nə baş verməmişdi, bir problem yoxdu. Vinçesteri səhhətindəki problemə görə “Qarabağ”la matçda oynatmamışdım. Qızdırmalı futbolçunu necə meydana buraxmaq olar? Xəstəliyi tamam keçib, komanda ilə məşqlərdə iştirak edir. Onu məşqə buraxmamağımla bağlı yazılan xəbərlər də doğru deyil”.

Apasport.az-a açıqlamasında o, hər 2 oyunçunun cərimələndiyini vurğulayıb: “Meydanda sürüşmə fəndindən sonra Samirlə Vinçester toqquşublar. Hər iki oyunçunu cərimələmişəm, vəssalam. Bunu şişirtməyin nə mənası var? Aralarında dava olmayıb ki, onları barışdıraq. Bunu çıxıb açıqlamaq məcburiyyətində də deyiləm. Komanda daxilində olan bir məsələ idi, keçib getdi. Bu məsələni niyə gündəmdə saxladıqlarına izah tapmıram. Özüm də başa düşə bilmirəm, elə bil dünya dağılıb. Heç kim yaddan çıxarmasın ki, Yunis Hüseynov çalışan yerdə nizam-intizam yüksək səviyyədə olur”.

Qeyd edək ki, Samir Zərgərov “Keşlə”dən, Şadon Vinçester isə Meksika klubu “Murselaqos”dan transfer olunub.

Həmin kateqoriyadan