“Keşlə” Yuri Maksimovla sözləşməni 1 il də uzadıb

“Keşlə” klubu baş məşqçi Yuri Maksimovla müqavilənin müddətini uzadacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə paytaxt təmsilçinin baş direktoru Rəmiş Malıyev açıqlama verib. Onun sözünə görə, 50 yaşlı ukraynalı mütəxəssislə daha bir il əməkdaşlıq edilməsi ilə bağlı ilkin razılıq əldə olunub:

“Maksimovun işini qənaətbəxş sayırıq. Baş məşqçimiz özü də Azərbaycandakı fəaliyyətindən razıdır. Onunla müqavilə müddətinin uzadılması ilə bağlı söhbətimiz olub və ilkin razılıq əldə edilib. Maksimovla bir illik sözləşmə imzalanacaq”.

Report.az-ın məlumatına görə, “qırmızılar”ın heyətində yer alan futbolçuların əksəriyyətinə də yeni müqavilə təklif ediləcək. Yuri Maksimov ötən il dekabrın 25-də “Keşlə” ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkib. Onun rəhbərlik etdiyi kollektiv mayın 28-də Azərbaycan kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq. Paytaxt təmsilçisi premyer liqada 6-cı yeri tutub.

Həmin kateqoriyadan