“Keşlə”nin baş məşqçisinin “Tavriya”da ilk qolu və ya köhnə-tanış rəqiblərlə yenidən üz-üzə

“Keşlə” Yuri Maksimovla müqaviləni rəsmiləşdirdi. Allsport.az saytı xəbər verir ki, öncələr “İnter” adlanan klubu çempionatın 2-ci hissəsinə ukraynalı mütəxəssis hazırlaşdıracaq. 49 yaşlı məşqçi bir il çıxış etdiyi (1989-1990) “Tavriya”da Bakıya gəlib çıxa bilib. Həmin vaxt həm “Neftçi”, həm də Simferopol komandası SSRİ çempionatının 1-ci dəstəsində çıxış edirdi. 1990-cı il, oktyabrın 17-də Leninin adını daşıyan Respublika stadionunda Yuri Maksimov meydana çıxmasa da, oyunu kənardan izləyir və “Neftçi” “Tavriya” üzərində 2:1 hesabı ilə qələbə qazanır.
20 yanvar hadisələrindən sonra Bakıda futbol heç kimin yadına düşmürdü. Ayrı vaxt ağzına kimi dolu olan stadionda həmin matçı cəmi 3 000 azarkeş izləmişdi. Xalq Azadlıq hərəkatı haqda düşünməklə yanaşı, iqtisadi çətinlikdən də baş çıxarmağa çalışırdı. Təkcə futbol yox, incəsənət, musiqi sahəsi də iflic vəziyyətinə düşmüşdü. Kinoteatrların mebel salonu kimi işlədilməsinə start verilən vaxtlar idi.

“Neftçi”nin heyətində yalnız yerli fubol məktəbinin yetirmələri qalmışdı. Düzdür, start heyətində meydana çıxan Yuri Yesaulov sizi çaşdıra bilər. Ancaq 1962-ci ildə anadan olan əslən ukraynalı müdafiəçi karyerasına Azərbaycanda – “Xəzər Lənkəran”da başlayıb. O, sonrakı illərdə Bakının “Gənclik”, Sumqayıtın “Vosxod” və “Xəzər”, həmçinin “Neftçi”də çıxış etmişdi. “Ağ-qaralar”ın “Tavriya”nı 2:1 hesabı ilə məğlub etdiyi matçda Yesaulov sarı vərəqə almışdı. Komandamızın qollarını isə Arif Əsədovla, 11-metrlik cərimə zərbəsindən Vəli Qasımov vurmuşdu.

“Keşlə”nin yeni baş məşqçisinin heç vaxt unutmadığı matç isə bundan beş ay öncə mayın 30-da keçirilib. Simferopolun “Lokomotiv” stadionunda 8200 tamaşaçının izlədiyi qarşılaşmada qapılara 4 qol vurulub – 2:2. Hesabı 3-cü dəqiqədə “Neftçi”nin həmin dövrdə ən sərrast hücumçularından olan Vəli Qasımov açıb. Amma 10 dəqiqə sonra “Tavriya” tarixinin 138 qolla 2-ci bombardiri olan Aleksandr Qaydaş hesaba tarazlıq gətirib. 23-cü dəqiqədə 21 yaşlı yarımmüdafiəçi Maksimov Simferopol komandasının heyətində ilk qolunu vurur. Həmin vaxt “Neftçi”nin qapısını hazırda “Qarabağ”ın qapıçılarla iş üzrə məşqçisi olan Elxan Həsənov qoruyurdu. Qış fasiləsindən sonra onun keçmiş futbolçu həmkarının komandası ilə görüşmək imkanı olacaq. Həm də təkcə onunla yox… Simferopol səfərində Bakı klubunu məğlubiyyətdən qurtaran qolun müəllifi Samir Ələkbərov olur. Yesaulov bu oyunda da sarı vərəqə alır. Həmin oyuna qədər “Neftçi” turnir cədvəlində 20 komanda arasında 14-cü, “Tavriya” isə 17-ci yeri tuturdu. Maraqlıdır ki, 1990-cı il mövsümünü hər iki komanda qonşu pillələrdə başa vururlar. “Neftçi” və “Tavriya” 38 xalla 8-9-cu yerləri bölüşürlər.

Yuri Maksimovun 27 il öncə görüşdüyü rəqibləri yenə rəqib kimi qarşısına çıxacaqlar. Simferopolda 90 dəqiqə meydanda olan Tərlan Əhmədov hazırda “Neftçi”nin baş məşqçisidir. “Keşlə” ilə “Neftçi” kubokun finalında da üz-üzə gələ bilərlər. Əgər yarımfinal səddini keçsələr. Amma hələ Maksimovu yarımfinalda Yunis Hüseynovun “Kəpəz”i də gözləyir. Gəncə klubunun baş məşqçisi də həmin vaxt “Nefçi”nin heyətində çıxış edirdi. Vidadi Rzayev isə Hüseynovun “Kəpəz”dəki köməkçilərindən biridir.

“Tavriya” – “Neftçi” 2:2
30 may, 1990-cı il. Simferopol, “Lokomotiv” stadionu. 8200 tamaşaçı
Hakim: Kartavtçev (Moskva).

“Tavriya”: Beloşapka, Turçinenko, Qaydaş, Smiqunov, Fokin, Volkov, Maksimov, İsayev (Dementyev), Poqorelov, Şeyxametov (Şemetyev).

“Neftçi”: Elxan Həsənov, Arzu Mirzəyev, Əsgər Abdullayev, Yuri Yesaulov, Nazim Süleymanov, Yunis Hüseynov, Vidadi Rzayev, Arif Əsədov, Vəli Qasımov, Samir Ələkbərov.
Qollar: Qasımov, 3 (0:1), Qaydaş, 13 (1:1), Maksimov, 23 (2:1), Ələkbərov, 65 (2:2).
Sarı vərəqələr: Yesaulov, Rzayev (hər ikisi “Neftçi”).

Elnur MƏMMƏDLİ

Həmin kateqoriyadan