Klub prezidenti evində güllələnib

Klub prezidenti evində güllələnib

Bolqarıstanlı iş adamı, “Botev” klubunun prezidenti İliyan Filipov öldürülüb.

Allsport.az xəbər verir ki, hadisə dünən gecə baş verib. Plovdiv təmsilçisinin rəhbəri silahlı hücuma məruz qalıb.

Filipov evində başından güllələnib. Yerli polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Faciədən bir neçə saat əvvəl Filipov Bolqarıstan və Estoniya milli komandaları arasında keçirilən və 0:0 hesabı ilə başa çatan oyunu izləyib. Millətlər liqası çərçivəsindəki bu qarşılaşma Plovdivdəki “Botev” stadionunda baş tutub.

Cinayətdən sonra Plovdiv polisi milli polis baş idarəsi ilə əlaqəli şəkildə genişmiqyaslı axtarış əməliyyatına başlayıb. Şəhərin giriş və çıxış nöqtələrində yoxlama məntəqələri qurulub və hüquq-mühafizə orqanlarının əməkdaşları nəqliyyat vasitələrini yoxlayırlar.

Filipov 2025-ci ilin iyun ayında “Botev” klubunun əsas səhmdarı olub. O, klubun əvvəlki rəhbərlikdən qalan təxminən 3,5 milyon avro məbləğində borcunu ödəyib.

İş adamı həmçinin klub stadionunun yenidənqurma işlərinin tamamlanmasında da iştirak edib. Futbolla bağlı fəaliyyətindən əlavə, Filipov Bolqarıstanın ən böyük logistika müəssisələrindən biri olan PİMK nəqliyyat şirkətinin sahibi idi.

Həmin kateqoriyadan