Klublar nə qədər cərimələndi?

AFFA intizam komitəsinin iclası keçirilib.

Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/8 finalında baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz” – “Sabah” oyununda ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. Qarşılaşmada Gəncə təmsilçisinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə komanda əlavə olaraq 500 manat ziyana düşüb.

“İrəvan” – “Araz-Naxçıvan” oyununa yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibləri klubu 100 manat cərimələnib.

“Zirə” – “Turan Tovuz” oyununda bakılıların 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat ödəyəcəklər. Oyununun 10-cu dəqiqəsində qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə tovuzlular 1500 manat cərimə edilib.

“Neftçi” – “Qaradağ Lökbatan” oyununda isə qonaq komandanın paltardəyişmə otağına dəymiş zərər özləri tərəfindən ödəniləcək.

Azərbaycan çempionatının XVIII turunda isə “Sumqayıt” – “Səbail” oyununda “Gənclik şəhəri” təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə 800 manat cərimə edilib.

“Zirə” – “Qarabağ” oyununda isə qonaqlar 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Həmin kateqoriyadan