Londona yollanacaq heyət açıqlandı

Kişi və qadın boksçulardan ibarət yığmalarımızın martın 14-ü Londonda start götürəcək Avropa olimpiya təsnifat turniri üçün heyəti müəyyənləşib. Allsport.az xəbər verir ki, komandamız kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq.

Lisenziya xarakterli yarışda Rüfət Hüseynov (52 kq), Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çıxışı edəcəklər.

Bu çəki dərəcələrindən 52 kq, 57 kq və 63 kq-da ilk 8-likdə qərarlaşacaq boksçular olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da 6-lıq lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə 4-lük Tokio-2020 arzusunu reallaşdıracaq.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Elbrus Rzayev Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayevanı (75 kq) Londona aparmağa qərar verib. 51 kq və 57 kq çəki dərəcələrində 6-lıq lisenziyaya sahib olacaqsa, 69 kq-da 5-lik, 75 kq-da isə 4-lük olimpiadada iştirakını rəsmiləşdirəcək.

Abşeron olimpiya idman mərkəzində təlim-məşq toplanışında olan komandalarımız hazırlığı martın 11-dək davam etdirəcəklər. Martın 12-də isə boksçularımız Böyük Britaniyaya yollanacaqlar.

Avropa təmsilçiləri üçün növbəti lisenziya yarışı Parisdə olacaq. Dünya olimpiya təsnifat turniri mayın 13-24-də keçiriləcək.

Həmin kateqoriyadan