Məhəmmədrəsul Məcidov: “Yavaş-yavaş formaya düşürəm”

AİBA Pro Boxing turnirində 2-ci döyüşünə çıxan Məhəmmədrəsul Məcidov (+91 kq) bu dəfə də parlaq qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, milli komandamızın üzvü misirli Əhməd Samiri artıq birinci raundda nokauta salıb. 2-qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı görüşdən sonra qələbə təəsuratını ABF-in mətbuat katibi ilə bölüşüb:

“Əslində istəmirdim ki, döyüş belə tez qutarsın. Heç olmasa 6 raundun üçündə rinqdə olmaq istəyirdim. Amma belə alındı. Mən sadəcə öz üzərimə düşən işi gördüm”. Superağır çəki dərəcəsindəki təmsilçimiz APB-dəki rəqiblərini dəyərləndirib: “Ilk döyüşə çıxmadığımdan digər boksçulardan bir görüş az keçirmişəm. Hələ ki +91 kq-da mərakeşli Məhəmməd Arjaou ilə almaniyalı Erik Pfayfer 3 qələbə qazanıb. Onların hər ikisi güclü boksçudur. Bu çəkidə rusiyalı Məhəmməd Ömərovu da yaddan çıxarmaq olmaz. Hərçənd o, ilk qarşılaşmada Toni Yokaya məğlub oldu. Həmin gün onun döyüşü alınmadı. Amma bu gün Verveyko üzərində asan qələbə qazandı”.

Məhəmmədrəsul Məcidov artıq formaya düşdüyünü və bu çəkidə istənilən rəqiblə üz-üzə gələ biləcəni deyib: “Boksda çox nadir hallarda 100 faiz formada olursan. Yavaş-yavaş formaya düşürəm. Ötən görüşdən fərqli olaraq Əhməd Samirlə qarşılaşmada rinqi daha yaxşı hiss edirdim. Milli komandanın düşərgəsində yaxşı hazırlıq keçdik. Ola bilsin ki, növbəti döyüşü Ömərovla keçirdim. Özümü yaxşı hiss edirəm və yanvarda, 3-cü qələbəmi qazanmağa çalışacam”.

Həmin kateqoriyadan