“Məhəmmədrəsul Məcidovla finalda qarşılaşmağımız daha ədalətli olardı”

2-qat dünya çempionu Məhəmmədrəsul Məcidovun (+91 kq) Rio-2016-nı medalsız tərk edəcəyini təsəvvür etmək olmurdu. Allsport.az saytı xəbər verir ki, ötən olimpiadada hakim ədalətsizliyi ilə üzləşib bürünc medalla kifayətlənən boksçumuz, bu dəfə bir az fərqli vəziyyətdə, yenə eyni qərarla üz-üzə oldu. Qazaxıstanlı İvan Dıçko ilə 1/4 finala çıxmaq uğrunda mübarizənin ikinci raundunda o, zədə aldı. Qaydalara görə, həmin ana qədər üstün olan idmançı xal hesabı ilə qalib elan olunmalı idi. Hakimlər üstünlüyü Dıçkoya verdilər. Məhəmmədrəsulun əldə etdiyi 2-ci dünya çempionu tituluna yolu məhz Dıçko ilə rəqabətdən keçmişdi. Almatıda keçirilən 2013-cü ilin dünya çempionatında o bu rəqibi finalda parlaq qələbə ilə məğlub etmişdi. İdman.com.az-in qalib idmançı ilə söhbətinin ilk sualı bu rəqabətlə bağlı oldu:

– Təbrik edirik. Siz buna qədər iki dəfə Məhəmmədrəsulla məğlub olmusunuz. O növbəti dəfə sizi məyus etməyi düşünürdü. Bu döyüşdə siz daha çox müdafiə olunurdunuz. Həm buna görə, həm də görüşlərinizin tarixçəsinə baxsaq, demək olarmı ki, bəxtiniz gətirdi.
– Mən belə düşünmürəm ki, bəxtim gətirdi. Mən də qalib qalib gəlməyi planlaşdırmışdım. Bütün hərəkətlərimi, taktiki gedişlərimi hesablamışdım və qələbə üçün lazım olan texnikanı seçmişdim. Mən bu görüşə xüsusi ovqatla çıxmışdım. Axı, bilirdim ki, o, heç də zəif boksçu deyil, çox güclüdür. Amma rinqdə belə hadisələr də olur.

– Necə düşünürsünüz, siz bu döyüşdə fiziki cəhətdən daha güclü idiniz, yoxsa Məhəmmədrəsul Məcidovun da qalib gəlmək şansı var idi.
– Məhəmmədrəsula zəif döyüşçü demək olmaz. O, çox səviyyəli boksçudur və hazırlığı da məncə kifayət qədər idi. Mən hər rəqibim üçün xüsusi taktika və texnika seçirəm. İlk növbədə, onların zəif cəhətlərindən faydalanmağa çalışıram. Elə bu görüşdə də buna cəhd edirdim. Lakin bənzər fors-major vəziyyətləri olmayan idman növü tanımıram.

– Məhəmmədrəsul döyüşdən əvvəl bizə müsahibəsində sizin çox güclü boksçu olduğunuzu və bu mərhələdə sizinlə rinqdə üz-üzə olub qalib gəlmək istəmədiyini söyləmişdi. O, sizinlə yalnız finalda görüşmək və qalib gəlmək istəyirdi.
– Mən də eyni fikirdəyəm. Məhəmmədrəsul Məcidovla iki dəfə üz-üzə gəlmişik. Lakin biz dünya reytinqində ən yuxarı qatlarda olan rəqiblərik və finalda qarşılaşmağımız daha ədalətli olardı. Buna qədər də belə olub: biz yalnız yarımfinalda və finalda qarşılaşmışıq.

– O bir də onu demişdik ki, sizinlə rinqdə rəqib, rinqdən kənarda isə səmimi dostdur.
– Bizim həqiqətən də sıx və səmimi münasibətlərimiz var. Amma rinq rinqdir. Bu dəfə mən qalib gəldim.

– Sizə uğurlar arzu edirik. Çalışın elə edin ki, bundan sonrakı mərhələlərdə dostunuz yalnız sizin qələbələrinizə sevinsin və bununla təsəlli tapsın.
– Çox sağ olun. Var qüvvəmlə çalışacağam.

Qabil MEHDİYEV
Rio de Janeyro

Həmin kateqoriyadan