Mərhum həmkarımızın anası: Oğlumun qanı yerdə qaldı

Xəbər verdiyimiz kimi, mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxılıb. Allsport.az saytı xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Adəm Məmmədovun şikayəti təmin edilib. Bununla da, Cavid Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

Futbolçu Cavid Hüseynovun azadlığa çıxmasına münasibət bildirən mərhum jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva, ann.az-a bu qərarın gözlənilməz olduğunu deyib: “Cavidin azadlığa çıxması çox pis təsir elədi. Hələ də özümə gələ bilmirəm. Nə qədər haqsızlıq olduğunu bu gün hamı gördü.

Onsuz da onun maddəsi yalan idi, dəyişdirilmişdi. Cavid təşkilatçı idi. Yəqin maddə ona görə dəyişdirilib ki, Cavidi indi belə aradan çıxarsınlar. Həkimləri də belə aradan çıxardılar. Heç ümidim yoxdur ki, o tutulan 5 nəfər həbsdə qalsın. Onları da bu cür azad edəcəklər. Artıq bizim üçün də yaşamaq qorxuludur. Kimin adamı, gücü var, belə aradan çıxır. Rasimimin qanı yerdə qaldı”.

Həmin kateqoriyadan