Mikayıl Nərimanoğluya görə “Kəpəz”də yoxlama ilə bağlı rəsmi açıqlama yubanır

“Kəpəz”də başa çatmış audit yoxlamasının nəticələri hələ açıqlanmayıb. Allsport.az saytı xəbər verir ki, tezliklə bu boşluğun aradan qaldırılması gözlənilir. Rəsmi məlumatın yubanmasına əsas səbəb çatışmayan maliyyənin qaytarılmamasıdır. Belə ki, AFFA Gəncə klubuna göndərdiyi sabiq mətbuat katibi Mikayıl Nərimanoğlunun “itən” pulları geri qaytarmasını gözləyir. Vəsaitin bir qismi klub büdcəsinə ödənilib, lakin məsələnin hüquq-mühafizə orqanları səviyyəsinə qalxmaması üçün tam bağlanması gərəkdir.
Futbolinfo.az xəbər verir ki, vaxt istəyən Elxan Məmmədovun xəbərçisi problemin tam həllinə cəhd edir. Çünki pul geri qaytarılsa, rəsmi açıqlamada hansısa yeyinti faktı yer almayacaq, onun sadəcə, sənəd məsələlərində səhvlər etdiyi yazılacaq. Bununla da həm Mikayıl Nərimanoğlu cinayət məsuliyyətindən qaçacaq, həm də onu himayə edən AFFA rəsmiləri “Kəpəz”də hansısa maliyyə yeyintisinin olmadığını deyə biləcək.
Baş katibin söz daşıyanı hələlik büdcədəki kəsiri tam qapaya bilməyib. Amma illərdi dağıdılan böyük vəsait mütləq yerinə qoyulmalıdır. Bu, Mikayılın özü üçün də vacibdir. O, indiyədək azad nəfəs ala bilirsə, buna görə AFFA-nın səhvlərini düzəltmək üçün verdiyi şansa borcludur.
“Kəpəz”dəki qalmaqalda işindən olan digər şəxs Cabir İbrahimov oldu. İcraçı direktor vəzifəsini itirdi. Amma onun maliyə məsələlərində ciddi problemi çıxmayıb. Bir neçə gün öncə saytımızda Cabir bəyin də Nərimanoğlu kimi, “itən” vəsaitin öz payına düşən hissəsini geri qaytarmağa məcbur edildiyi haqda xəbər getmişdi. Lakin o, futbolinfo.az-la  əlaqə saxlayıb belə bir şey olmadığını bildirdi: “Düzdür, vəzifəmdən ayrılmışam. Bu, müşahidə şurasının qərarıdır və hörmətlə yanaşıram. Ancaq maliyyə məsələləri ilə bağlı hansısa problemim yoxdur. Hadisələrin necə baş verdiyindən və kimlərin nədə ittiham olunduğundan xəbərdarsız. Təbii ki, müəyyən səhvlər olub, amma heç bir maliyyə məsələsində adım olmayıb. Buna görə hazırda da stadion direktoru kimi fəaliyyətimi davam etdirirəm”.

Həmin kateqoriyadan