Millimiz FİFA reytinqində iki pillə irəlilədi

FİFA dünyanın yığma komandalarının yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması ötən ay ərzində heç bir oyuna çıxmadığından xal ehtiyatını yaxşılaşdırmaq şansı əldə etməyib.

Bu üzdən də avqust ayının reytinq siyahısında yenə ötən aykı qədər – 302 xalımız var. Amma bu, millimizin irəliləməsinə mane olmayıb. Belə ki, Azərbaycan 108-ci pillədən 106-ya yüksəlib.

Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki rəqiblərinin mövqeləri belədir: Xorvatiya (13-cü pillə, 1023 xal), İtaliya (16, 1001), Norveç (68, 495), Bolqarıstan (69, 489) və Malta (159, 157).

Keçmiş SSRİ ölkələri arasında yığmamız Ukrayna (30, 791), Rusiya (31, 782), Özbəkistan (76, 452), Estoniya (78, 420), Latviya (86, 377), Ermənistan (88, 373) və Belarusdan (96, 341) geri qalır. Əvəzində millimiz Litvanı (107, 301), Moldovanı (127, 236), Qazaxıstanı (141, 193), Türkmənistanı (149, 172), Gürcüstanı (154, 165), Qırğızıstanı (156, 160) və Tacikistanı (158, 159) qabaqlayır.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1425), Belçika (1244), Almaniya (1226), Kolumbiya (1218), Braziliya (1186), Portuqaliya (1177), Rumıniya (1166), İngiltərə (1157), Uels (1155) və Çili (1124).

Qeyd edək ki, ötən ayın ən yaxşı komandası 21 pillə irəliləyən Yamaykadır. Ən pis göstəriciyə isə 23 pillə geriləyən Serbiya imza atıb.

Həmin kateqoriyadan