Mövsümün 100-cü qolunu “İnter”dən Nizami Hacıyev vurub

Premyer liqada 2016/17 mövsümünün 100-cü qolu vurulub. Allsport.az saytı xəbər verir ki, bu top 10-cu turun son matçına təsadüf edib. “İnter” – “Sumqayıt” qarşılaşmasında (3:1) qeydə alınan son top yubiley xarakteri daşıyıb. Əvvəlki 9 turda 88 qol vurulmuşdusa, 10-cu turun 12 qolu ilə bu rəqəm 100-ə çatıb. 100-cü qolun müəllifi isə 80-ci dəqiqədə fərqlənən Nizami Hacıyev olub.

Bu 100 qol 40 matçda qeydə alınıb ki, orta məhsuldarlıq 2,50-yə bərabərdir. Qollardan 58-ni meydan sahibləri, 42-ni qonaqlar vurub. Birinci hissədə 40, fasilədən sonra 60 qol qeydə alınıb. “Qəbələ” hamıdan çox – 26, AzAL ən az – 4 top vurub. “Qəbələ” hamıdan az – 4, “Neftçi” ən çox – 24 qol buraxıb. 19 qolun vurulduğu 4-cü tur ən yüksək, cəmi 3 qolun qeydə alındığı 2-ci tur isə ən aşağı məhsuldarlığa malik olub.

Xatırladaq ki, mövsümün ilk qolunu avqustun 6-da AzAL ilə səfər oyununda “Neftçi”nin futbolçusu Elvin Bədəlov vurmuşdu.

Həmin kateqoriyadan