“Neftçi İdman Klubu” boks üzrə ölkə çempionatında fərqlənib

Kişi boksçuların Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 38 komandanın 146 nəfər mübarizə aparıb. 7 gün davam edən turnirdə 13 çəki üzrə mükafatçılar müəyyənləşib.

Bakı boks mərkəzində final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, boks federasiyasının prezidenti Sahil Babayev, ağır atletika federasiyasının prezidenti İnam Kərimov, kanoe və avarçəkmə federasiyasının prezidenti Vüqar Əhmədov, “Zirə” futbol klubunun və minifutbol federasiyasının fəxri prezidenti Orxan Məmmədov və dünya bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl da izləyiblər.

Mükafatlandırmadan əvvəl Fərid Qayıbov və Sahil Babayev gənclər və yeniyetmələr arasında Avropa birinciliyində, eyni zamanda qadınlar arasında qitə çempionatında uğur qazanmış boksçularla görüşüb. Ardınca rəsmi qonaqlar 48, 51, 54, 57 və 60 kq-larda ilk 3 yerin sahiblərini mükafatlandırıblar. Həmçinin ABF-in prezidenti Azərbaycan çempionatını idarə etmək üçün Türkiyə və Özbəkistandan dəvət edilən hakimlərə sertifikat verib.

Həlledici döyüşlərdə qalib gələn Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” klubu 46 xalla 1-ci yeri tutub. 2-ci pilləyə BFL (21) yiyələndiyi halda, üçlüyü MOİK (18) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Rəşid Həsənov layiq görülüb. Nəsrəddin Məmmədov ən yaxşı hakim, İlham Əlimzanov isə ən yaxşı məşqçi adına sahib olub.

Həmin kateqoriyadan