“Neftçi”nin baş məşqçisi: “Çətin olsa da, işimizin öhdəsindən gəlməyə, finalçı olmağa çalışacağıq”

Aprelin 26-da Bakı idman sarayında ölkə kubokunun yarımfinalı baş tutacaq. Allsport.az saytı xəbər verir ki, cütlüklərdən biri hər 2 cəbhədə bir-birinə rəqib olub. Söhbət, “Neftçi” və EKOL-dan gedir. Bu komandalar 8 gün ərzində minimum 3 vacib qarşılaşmada üz-üzə gələcəklər. Bəs baş məşqçilər nə düşünür? “Ağ-qaralar”dan Elşad Quliyev:

“Yüksək liqada və ölkə kubokunda müəyyənləşdirdiyimiz işlərin icrasını davam etdiririk. Hələ ki, işlər istədiyimiz kimi gedir. Çempionatda pley-off oyunlarından əvvəl ölkə kubokunun yarımfinal matçında iştirak edəcəyik.

Təbii ki, məqsədimiz hər iki yarışın finalçısı olmaq, həlledici qarşılaşmada meydana çıxmaqdır. Əlbəttə, bu, heç də asan olmayacaq. Həm kubokun yarımfinalında, həm də çempionatın pley-off matçlarında eyni rəqiblə – EKOL-la qarşılaşacağıq.

8 gün ərzində eyni komanda ilə ən azı 3 oyunda üz-üzə gəlmək asan olmayacaq. Belədə kollektivi matçlara kökləmək də çətin olur. Çünki hər 2 heyət bir-birini yaxşı tanıyır, zəif-güclü tərəflərini əla bilir. Çətin olsa da, işimizin öhdəsindən gəlməyə, finalçı olmağa çalışacağıq”.

Həmin kateqoriyadan