“Neftçi”nin yeni transferi: Məqsədimiz kuboka sahib çıxmaqla, Avropa liqasına vəsiqə qazanmaqdır

“Neftçi”nin yeni transferi Fransisko Qarsiya klub televiziyasına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı paraqvaylı yarımmüdafiəçi yeni komandası barədə bunu deyib:

“Təklif alandan sonra klub haqda məlumat toplamağa başladım. Öyrəndim ki, “Neftçi” köklü və ad-sanlı klubdur. Bu, məni ruhlandırdı. Həmyerlim Derlis Meza Kolli ilə də söhbətləşdim. O, komanda haqda çox yaxşı söz dedi. Bundan sonra “Neftçi”yə keçəcəyimə şübhəm qalmadı.

Yeni komandama uyğunlaşmağa çalışıram. Baş məşqçi çox tələbkardır. Bütün böyük klublarda futbolçulardan tələb də böyük olur. Baş məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışacağam. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə əmək sərf edəcəyik”.

Qarsiya ona verilən “Qato” ləqəbinin tarixçəsindən də danışıb: “Qato” ləqəbini mənə “Serro Portenyo”nun aşağı yaş qruplarında oynayanda fiziki hazırlıq üzrə məşqçimiz verib. “Niyə məhz “Qato?” deyə soruşanda, o mənə gözlərimin pişik gözlərinə bənzədiyini dedi. Buna görə də məni “Qato” deyə çağırmağa başladı. O vaxtdan ləqəbim “Qato”du. Azarkeşlər, futbolçular, ailəm – hamı mənə “Qato” deyir”.

“Hər bir böyük klub kimi “Neftçi”nin də azarkeşləri möhtəşəmdir. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz kuboka sahib çıxmaqla, Avropa liqasına vəsiqə qazanmaqdır. İnanıram ki, qarşıya qoyulan məqsədlərə çata biləcəyik”.

Həmin kateqoriyadan