Növbəti turu neçə futbolçu buraxacaq?

Topaz premyer liqasının 23-cü turu 5 futbolçunun cəzalı olması ilə nəticələnib. Allsport.az saytı xəbər verir ki, qarşıdakı turu buraxacaq oyunçulardan 2-si qırmızı, 3-ü sarı vərəqə üzündən bu duruma düşüb.
Böyük itki ilə “Zirə” üzləşib. “Neftçi” ilə matçda (0:3) ikinci xəbərdarlığa görə meydandan qovulan Yani Urdinov və mövsümdə 4-cü sarı vərəqəsini alan Sadio Tounkara cəzalı durumdadı. Onlar “Keşlə”ylə səfər matçını buraxmalı olacaq.
Həmin matça sonuncular da itki ilə çıxmalıdır. “Sumqayıt”la səfər qarşılaşmasında (1:2) 2 sarı vərəqə üzündən meydandan qovulan Məqsəd İsayev paytaxt derbisini buraxmaq məcburiyyətində qalıb.
24-cü turun “Səbail” – “Kəpəz” oyununa hər 2 komanda meydana hər istədikəri futbolçunu çıxara bilməyəcəklər. Gəncə təmsilçisi İlkin Sadıqovun xidmətindən məhrumdur. O, 4-cü xəbərdarlığını “Qarabağ”la ev görüşündə (0:1) alıb. Paytaxt klubu Tamazi Tsetsxladzeyə güvənə bilməyəcək. Gürcüstanlı legionçu “Qəbələ”ylə səfər matçında (1:1) mövsümdə 8-ci sarı vərəqəsini alıb.

Həmin kateqoriyadan