Ölkə idmanında ağır itki

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı 2022-ci il yanvarın 10-da, ömrünün 85-ci ilində vəfat edib.

Tofiq Xanlar oğlu Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan dövlət bədən tərbiyəsi institutunda davam etdirib.1960-cı ildə institutu bitirdikdən sonra Bakı uşaq gənclər idman məktəbində boks üzrə məşqci-müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Uzun illər müxtəlif idman cəmiyyətlərində və yüksək idman ustalığı məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatçısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kubokunda qızıl medal qazanıb.

1989-cu ildə AzDBTİ-də pedoqoji fəaliyyətə başlayıb. 30-a yaxın elmi-metodiki əsərin, tədris vəsaitinin müəllifi olub. 1999-cu ildə dosent elmi adına layiq görülüb. 1952-1962-ci illərdə boks idman növü ilə fəal məşğul olub. Dəfələrlə Azərbaycan çempionu, SSRİ həmkarlar ittifaqı mərkəzi şurası spartakiadasının gümüş, SSRİ tələbələri universiadasının qızıl medalını qazanıb. Dəfələrlə beynəlxalq yarışların qalibi olub.

Yüksək idman nailiyyətlətləri və əmək fəaliyyətinə görə SSRİ idman ustası (1958), Azərbaycanın Əməkdar məşqçisi (1965), Ümumittifaq dərəcəli hakim (1980), Beynəlxalq dərəcəli hakim (1995), Fəxri bədən tərbiyəsi və idman işçisi (1997), Əməkdar bədən tərbiyəsi və idman xadimi (2006) adlarına layiq görülüb. Azərbaycan prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. 5 noyabr 2012-ci ildən prezidentinin fərdi təqaüdçüsü idi.

1993-1996-cı illərdə AzDBTİK-də, 1996-2012-ci illərdə isə gənclər və idman nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Üzun müddət Azərbaycan boks federasiyasının baş katibi olaraq bu idman növünün inkişafına xidmət edib.

Tofiq Babanlının əziz xatirəsi idman ictimaiyyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin.

Gənclər və idman nazirliyi

Həmin kateqoriyadan