Ölkənin ən güclü boksçuları

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Allsport.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 74 komandanın 408 boksçusu qüvvəsini sınayıb. 7 gün davam edən turnirdə 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks mərkəzində təşkil olunan final döyüşlərdə qalib gələn Rüstəm Şahbazov, Əli Məmmədov, Zakir Həsənzadə, İsmayıl Rzayev, Bağır Əmirxanlı, Sübhan Babayev, Haqverdi Həsənov, Nurlan Abışov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev, İsmayil Vəliyev, Əmir Abasov və Səftər Məmmədzadə çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında Sumqayıt (3-3-5) birinci yeri tutub. İkinci pilləyə “qızıl əlcək” İdman Klubu (3-1-1) yiyələndiyi halda, “üçlüy”ü Gəncə (2-1-7) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına bütün görüşlərini tam üstünlüklə başa vuran Rza Rzayev (Gəncə) layiq görülüb. Ruhin Səfərov (Naxçıvan MR) ən əzimkar boksçu, Fərhad Rəhmanov ən yaxşı hakim adına sahib olub.

Həmin kateqoriyadan