PFL “Qəbələ”nin narazılığına lazımi cavabı verdi

“Qəbələ” AFFA və Peşəkar Futbol Liqasından növbəti dəfə narazılığını ifadə edib. Allsport.az saytı xəbər verir ki, ölkə çempionatının 15-ci turunun “Qarabağ” – “Neftçi” oyunundan sonra klub rəsmi “Feysbuk” səhifəsində belə bir paylaşım edib: “Məlum səbəblərə görə komandamız yenidən ikinci pillədədir”.

Həmin paylaşımda eyni zamanda “Fair play”, “Premyer Liqaya ədalət”, “Ədalətli futbol” adlı haştaqlar yaradılıb. “Qəbələ” bu paylaşımla srağagünkü matçdakı hakim idarəçiliyinə işarə vurub. Məlum olduğu kimi, “Qarabağ” hakim Ramil Diniyevin müzakirələrə səbəb olan penalti qərarından sonra hesabı bərabərləşdirib. 1:1 hesabı ilə yekunlaşan bu görüşdən sonra “Qarabağ” “Qəbələ”ni keçərək yenidən liderliyə yüksəlib.

“Qəbəlı”nin paylaşımına Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev münasibət bildirib. Qurum rəsmisi klubun atmacasına elə atmacayla da cavab verib: “Qarabağ” – “Neftçi” oyunundan sonra “Qəbələ”nin rəsmi “Feysbuk” səhifəsindəki paylaşımından xəbərim var. “Məlum səbəblərdən komandamız yenidən ikinci pillədədir” dedikdə nəyə işarə vururlar? Yəqin ki, “Sumqayıt”la oyunda 2 xal itirmələrini nəzərdə tuturlar. Əgər “Qəbələ” öz meydançasında “Sumqayıt”ı məğlub etsəydi, bu gün 34 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşacaqdı” (yenicag.az).

Həmin kateqoriyadan