“Qəbələ” – “Qarabağ” 41-ci dəfə üz-üzə gələcək

Premyer Liqanın 19-cu turu öncüllərin görüşü ilə əlamətdar olacaq. Allsport.az saytı xəbər verir ki, son üç mövsümü mükafatçılar sırasında başa vuran və yenidən qızıl medal uğrunda mübarizə aparan “Qəbələ” və “Qarabağ” cari çempionatda 3-cü dəfə üz-üzə gələcək. Mövsümdə yeganə məğlubiyyətini 13-cü turda Ağdam təmsilçisindən alan “qırmızı-qaralar” rəqibini 7-ci turda qalib gəldiyi Qəbələ şəhər stadionunda qəbul edəcək. Cari çempionatda öz meydanında uduzmayan Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 1-ci pilləni ələ keçirmək üçün lideri məğlub etməlidir.

Bu matç rəqiblər arasında 41-ci duel olacaq. İndiyədək komandalar 34-ü çempionat, 6-sı kubokda olmaqla 40 dəfə qarşılaşıb. “Qarabağ”la “Qəbələ” arasında ilk matç isə komandamızın güclülər dəstəsində – indiki Premyer Liqada debüt etdiyi 2006/07 mövsümünə təsadüf edib. 2006-cı il avqustun 20-də keçirilən həmin matçdan indiyə kimi “Qəbələ” 9, “Qarabağ” 16 qələbə qazanıb. “Qırmızı-qaralar” doğma azarkeşlər önünə yubiley – 10-cu qələbə üçün çıxacaq. Digər 15 matçda isə qalib müəyyənləşməyib. Baş tutan 40 görüşdə 87 qol vurulub. “Qırmızı-qaralar” 37, “ağ-göylər” 50 dəfə fərqlənib.

Gabalafc.az-ın məlumatına görə, Azərbaycan çempionatı çərçivəsində keçirilən 34 matçda 78 qol qeydə alınıb. 8 dəfə qalib gəlib, 16 dəfə uduzub, 10 dəfə 1 xal qazanan “Qəbələ” 32, “Qarabağ” 46 dəfə rəqib qapısına yol tapıb.
“Qırmızı-qaralar”ın 20 ev oyununda meydan sahibləri 5, qonaqlar 8 dəfə qalib olubsa, 7 dəfə bərabərlik qeydə alınıb. Top fərqində isə ağdamlıların üstünlüyü cüzidir – 23:21.

“Qəbələ”nin “Qarabağ”la matçlardakı 37 qoluna 25 futbolçu imza atıb. Onlardan biri avtoqola üzülən rəqib oyunçu Namiq Ələsgərovdur. “Qırmızı-qara” formada isə Dodo hamıdan çox – 5 dəfə fərqlənib. Viktor Mendi ağdamlıları 4 dəfə məyus edə bilib. İqor Melnik, Kənan Kərimov, Samir Zərgərov, Sergey Zenyov və Filip Ozobiç hərəyə 2, digər 17 oyunçu hərəyə 1 dəfə qol sevinci yaşayıb.

“Qarabağ”ın heyətində fərqlənən 22 oyunçu arasında isə Reynaldo Silva hamıdan çox – 8 dəfə fərqlənib. Riçard Almeydanın 5 qolu var. İki komanda arasında duellərdə Kənan Kərimovun da eyni sayda qolu olsa da, o hər iki tərəfdən fərqlənib. Hücumçu 3 dəfə “Qarabağ”da, 2 dəfə “Qəbələ”də qol sevinci yaşayıb. Komandamızın kapitanı Rəşad Sadiqov Ağdam təmsilçisinə qol vursa, o da hər iki komandada fərqlənmiş oyunçu olacaq. Yarımmüdafiəçi 2009-cu il dekabrın 6-da “Qarabağ”ın heyətində, Qəbələdəki oyunda qol sevinci yaşayıb.

Həmin kateqoriyadan