Qəbələ qran-prisinin son günündə gənc atıcılarımız fəxri kürsüyə çıxdılar

Qəbələdə Heydər Əliyevin xatirəsinə olimpiya atıcılıq növləri üzrə 3-cü beynəlxalq qran-pri başa çatıb. Allsport.az saytı xəbər verir ki, Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən beynəlxalq yarışın sonuncu günü gənclər və kişilər arasında dairəvi stend üzrə mübarizənin qalibləri məlum olub.

Mayın 13-də keçirilən final yarışlarında Azərbaycanın gənc idmançıları qızıl və gümüş medal qazanıblar. Bakı təmsilçisi Niyaz Ağazadə 1-ci, “Qəbələ” Atıcılıq Klubunun idmançısı Erik Dençari 2-ci yeri tutub. Kişilərin rəqabətində Rusiya idmançısı Valeriy Şomin qızıl medal qazanıb. Növbəti yerlər də şimallıların olub. 5-ci yeri  “Qəbələ” Atıcılıq Klubunun idmançısı Emin Cəfərov tutub.

İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Ülviyyə Hacıyeva təqdim ediblər.

7 gün davam edən mübarizədə qazanılan medalların sayına görə ümumi komanda hesabında Rusiya idmançıları 1-ci, Azərbaycan atıcıları 2-ci yeri tutublar. Azərbaycanı bu mötəbər yarışlarda 26 nəfər təmsil edib ki, onlardan 2-si qızıl, 3-ü gümüş və 2-si bürünc medal qazanıb. Azərbaycanı bu yarışda uğurla təmsil edən Nurlana Cəfərova, Erik Dençari, Əlimirzə Quliyev, İsmət Sərkərov, Sevda Mustafazadə və Mirmömin Ağazadə medal qazanıblar. Yarışda yığma komandamızın üzvləri arasında əsas mükafatları “Qəbələ” Atıcılıq Klubunun idmançıları əldə ediblər.

Yarışın bağlanış mərasimində qeyd olunub ki, “Qəbələ” Atıcılıq Klubu bu cür mötəbər yarışları təşkil etməklə yanaşı, Azərbaycanın milli komandası üçün peşəkar gənc atıcıların yetişdirilməsi işində də mühüm rol oynayır. Klubun idmançıları üçün yaradılan yüksək şərait, onlara göstərilən diqqət və qayğı artıq bəhrəsini verir. “Qəbələ” Atıcılıq Klubunun idman bazası çox yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb, müasir məşq yerləri və yarış poliqonu təşkil olunub. Klubun idmançılarının son vaxtlar beynəlxalq yarışlarda ardıcıl olaraq bir neçə dəfə qələbə qazanaraq Azərbaycanın üçrəngli bayrağını dalğalandırması bu sahəyə göstərilən diqqət və qayğının bariz göstəricisidir.

 

Həmin kateqoriyadan