“Qarabağ”ın futbolçusu 200-cü matçını keçirib

Premyer liqanın 24-cü turu “Qarabağ”da yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun futbolçusu Əfran İsmayılov əyalət klubunun heyətində 200-cü matçını keçirib. Bu hadisə “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib.

Start heyətində meydana çıxan yarımmüdafiəçi, 2:1 hesablı qələbəyə sevindiyi matçda 90 dəqiqə forma geyinib. O, “Qarabağ”ın tarixinə rəsmi turnirlərdə 200 və daha çox oyun keçirən 16-cı futbolçu kimi düşüb. 28 qol vuran Əfrana qədər 15 oyunçu bunu bacarmışdı.

İsmayılov Ağdam təmsilçisində 2006/07 mövsümündə debüt edib. O, indiki komandasının heyətində Azərbaycan çempionatında 146 (20 qol), Avropa liqasında 28 (6), Azərbaycan kubokunda 21 (2), çempionlar liqasında 5 matç keçirib.

Həmin kateqoriyadan