“Qartallar” öz bazasında məşqlərin sayını artırıb

“Zirə” baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə idman kompleksinin stadionunda hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qartallar” bu gündən etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan (saat 14:00) sonra komanda bir günlük istirahətə buraxılacaq.

“Zirə” yanvarın 16-da hazırlıq mərhələsinin 2-ci hissəsi üçün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komandamız qardaş ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək. Yanvarın 18-də keçirilməsi planlaşdırılan yoxlama oyunu üçün isə rəqibin adı yaxın günlərdə məlum olacaq.

Komandamız Türkiyədən yanvarın 23-də dönəcək. Bundan sonra iki gün istirahət edəcək “qartallar”, ardından Premyer liqa çərçivəsində AzAL-la oyununa hazırlığa start verəcək.

Həmin kateqoriyadan