Ramin Musayev: “Final matçı Qəbələdə keçirilə bilər”

Azərbaycan kubokunda cari mövsümün final oyunu Qəbələdə keçirilə bilər. Allsport.az xəbər verir ki, məkan hələ müəyyənləşməsə də, Peşəkar Futbol Liqası (PFL) bu şəhəri variantlardan biri kimi nəzərdən keçirir. PFL prezidenti Ramin Musayev açıqlamasında final görüşünün Qəbələ şəhər stadionunda baş tutması ehtimalını istisna etməyib.

Əslində, PFL cari mövsümdə Superkubokun finalının Qəbələdə təşkilini planlaşdırsa da, mümkün olmayıb. Ancaq “Qəbələ”nin kubokda mübarizəni dayandırması həlledici görüşün Qəbələdə keçirilməsinə imkan verir. Yarımfinal mərhələsinin başa çatmasını gözləməyi məsləhət görən Musayev finalın Qəbələdə keçirilməsi perspektivinə yaxşı baxır:

“Finala hansı komandaların çıxacağını bilmək vacibdir. Çünki final matçının məkanı iştirakçılardan asılı olaraq seçiləcək. Sözsüz ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq. Matçın Qəbələdə keçirilməsi mümkündür. Finalçılar bəlli olduqdan sonra qərar veriləcək. Sözsüz ki, finalın Qəbələdə keçirilməsi çox yaxşı olardı. Çünki həmin bölgədə futbol da var, qızğın azarkeşlər də”.

Təqvimə əsasən, final matçı iyunun 3-də olmalıdır. Ancaq məlumdur ki, iyunun 12-də Bakıda I Avropa Oyunları start götürəcək. PFL rəsmisi tarixin bir qədər irəli çəkilməsinin nə dərəcədə mümkün olduğunu da açıqlayıb: “Əgər həmin gün dövlət əhəmiyyətli tədbir olarsa, tarixin irəli çəkilməsi mümkündür. Final matçının iyunun 3-də keçirilməsi millimizin sabiq baş məşqçisi Berti Foqtsun təklifinə görə olmuşdu. Çünki çempionatımızın təqvimi millimizin hazırlıq planı və oyun günləri nəzərə alınmaqla tutulmuşdu”.

Xatırladaq ki, Azərbaycan kubokunun bundan əvvəlki final oyunları, əsasən, mayın 28-də Respublika günündə, “Tofiq Bəhramov”da keçirilsə də, ötənilki finalçılar – “Qəbələ” ilə “Neftçi” həmin arenada mayın 22-də üz-üzə gəlmişdilər. 23-cü dəfə keçiriləcək həlledici matç Qəbələdə baş tutarsa, bu, əyalətdə keçirilən ilk final kimi futbol tarixə düşəcək.

(Qəbələ İK qəzeti)

Həmin kateqoriyadan