Ramin Musayevin çempionatı 12 ay ərzində 17 pillə geriləyib

Dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) hər il olduğu kimi, yenə çempionatların reytinqini müəyyənləşdirib. Siyahıda planetin 89 ən güclü liqası yer alıb. 2017-ci ilin 12 ayının yekunlarına əsasən tərtib olunan cədvələ Azərbaycan çempionatı da daxil edilib.
Azərbaycan premyer liqası dünyanın 50-ci çempionatıdır. Bu mövqeni Şimali İrlandiya ilə bölüşən liqamızın hesabında 358 xal var. Bir il əvvəl dünyada 33-cü olan PFL prezidenti Ramin Musayevin rəhbərlik etdiyi çempionat 12 ay ərzində 17 pillə geriləyib.
Apasport.az-ın məlumatına görə, Uruqvay, Norveç, Belarus, İran, Albaniya, Mərakeş, Qazaxıstan, CAR, Sloveniya, Makedoniya, Serbiya, Çin, İsveç, Bolqarıstan, Sudan, Boliviya və Yaponiya çempionatları premyer liqamızı arxada qoyub.
Qeyd edək ki, siyahıda ilk 3 pilləni İspaniya (1195), İngiltərə (1177) və Braziliya (1134) çempionatları tutur. Türkiyə superliqası 4 pillə geriləyərək, 14-cü yerə düşüb – 650 xal.

Həmin kateqoriyadan