“Qısa müddətdə taktiki tapşırıqları mənimsəmək mümkün deyil”

Avropa çempionatının seçmə mərhələsində səfərdə Moldova yığmasına qalib gələn (5:3) millimizin futzalçısı Ramiz Çovdarov açıqlama verib. Allsport.az xəbər verir ki, komandamızın 3-cü topunu vuran oyunçu matçı şərh edib:

“Cəmi 5 gün əvvəl Bakıda bu komandanı 5:1 hesabı ilə məğlub etmişdik. Görünür, həmin qarşılaşmada qazandığımız üstünlük müəyyən qədər arxayınlığa səbəb oldu. Üstəlik, hesabı açdıq, rəqib qapısından 3 cavabsız top keçirdik. Fikirləşirdik ki, asan olacaq. Amma sonrakı dəqiqələrdə bunun zəhmətini çəkdik. Yaxşı ki, üstünlüyümüzü əldən vermədik. Bu işdə hamımızdan çox Rövşənin əməyi var.

Vacib olan nəticə idi ki, biz də bunu əldə etdik. Keçirdiyimiz 4 oyunun hamısında maksimum xal qazanmışıq. Yaxşı oynayıb uduzanda heç kim bizi təbrik etmir. Əgər baş məşqçi zəif oynadığımızı düşünürsə, məncə, bu hesabdan irəli gəlirdi. Həm də ölkə xaricində oynayan futzalçılarımız qısa vaxtda komanda ilə birgə məşq edirlər. Qısa müddətdə isə taktiki tapşırıqları mənimsəmək mümkün deyil.

Oyuna daxil olanda çox istəkli idim. Birinci hissədə meydana çıxmamışdım. Sonra şans verildi, biz də təcrübəli futzalçılarıq, meydana niyə çıxdığımızı bilirik. Bu bayrağı yüksəltmək üçün hər zaman ən yaxşısını etməyə hazırıq. Vurduğum qolu isə azarkeşlərimizə hədiyyə edirəm”.

Həmin kateqoriyadan