Rauf Əliyev: Mən 6 aylıq müqavilə istəyirəm

“Keşlə”yə keçmək variantım var. Amma müqavilənin müddəti məsələsində fərqli fikirdəyik”. Allsport.az saytı xəbər verir ki, bu sözü Rauf Əliyev deyib. Ötən ay “Kukesi”dən ayrıldıqdan sonra klubsuz qalan 29 yaşlı hücumçunun karyerasını harda davam etdirəcəyinə hələ aydınlıq gəlməyib. FİFA-nın qaydalarına görə, o, mövsümün gedişində üçüncü kluba keçə bilməz. Azərbaycanda yaya kimi yalnız sabiq klubu “Keşlə”nin formasını geyinmək hüququ olan Əliyev qarşı tərəflə 6 aylıq müqavilə bağlamağa razıdır. Paytaxt təmsilçisi isə Raufla 1 və ya il yarımlıq sözləşmə imzalamaq niyyətindədir. Məsələ ilə bağlı danışan futbolçu anlaşmanın müddəti məsələsində ortaq məxrəcə gələ bilmədiklərini təsdiqləyib:

“Əslində, “Keşlə” rəhbərliyi ilə görüşüm olmayıb. Bildiyim qədərilə, klubun prezidenti Zaur Axundov ölkə xaricindədir. Sadəcə, ara adamlarının vasitəsilə danışığımız olub. Mən 6 aylıq müqavilə istəyirəm. Yayda onun müddətini uzatmaq, “Keşlə”dəki karyeramı davam etdirmək də olar. Lakin qarşı tərəf indidən uzunmüddətli sözləşməyə qol çəkməyimi istəyir. Görək, necə olacaq? Qismətdə nə varsa, odu”.

Apasport.az-ın məlumatına görə, Rauf “Keşlə”nin qış fasiləsində rəsmiləşdirdiyi transferlərlə də 6 aylıq müqavilə bağladığını ön plana çəkib: “Fikir vermisizsə, digərləri ilə yaya kimi nəzərdə tutulmuş sözləşmə imzalayırlar. Amma mənimlə daha uzunmüddətli müqavilə bağlamaq istəyirlər. Mən isə fərqli fikirdəyəm”.

Qeyd edək ki, karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran” və “Neftçi” klublarında da oynamış Rauf Əliyev 2015-2017-ci illər ərzində “Keşlə”nin (sabiq “İnter”) uğurları üçün çalışıb.

Həmin kateqoriyadan