Robert Prosineçki: Komandamız bu gün maksimum gücünü ortaya qoydu

DÇ-2018-in seçmə mərhələsində evdə Almaniya millisinə 1:4 hesabı ilə uduzan millimizin baş məşqçisi Robert Prosineçki oyun sonrası mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandırıb. Allsport.az saytı xəbər verir ki, xorvat mütəxəssis yenilgiyə belə şərh verib:

“İlk növbədə, bu gün stadionda yaratdıqları möhtəşəm atmosferə görə azarkeşlərə minnətdarlığımı bildirirəm. Komandam yaxşı, əzmkarlıqla oynadı. Hansı rəqibə qarşı oynadığımızı bilirdik. Bununla belə, müdafiəyə oturmadıq, hücumlar etdik. Almaniya yığması səhvləri bağışlayan rəqib deyil. Bir sözlə ifadə etməli olsaq, komandamızla fəxr edə bilərik. Rəqib bizdən daha üstün idi. Futbolçuları Avropanın nəhəng klublarında çıxış edir. Komandamız bu gün maksimum gücünü ortaya qoydu.

Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun keçirir, ölkə çempionatında və çempionlar liqasında iştirak edir. Bu komandanın dünya çempionu olması təsadüfi deyil. İndi qarşımızdakı əsas vəzifə Şimali İrlandiya yığması ilə oyun üçün  futbolçuların tam hazır olmasıdır. Həmin oyundan əvvəl 20 günlük təlim-məşq toplanışı və 2 yoldaşlıq görüşü keçirəcəyik”.

Həmin kateqoriyadan