Roman Qriqorçuk: Gördük ki, futbola düzgün yanaşmayanda necə oluruq

Antalyada təlim-məşq toplanışında “Qəbələ” – “Şkendiya” yoxlama oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis yenilgiyə belə şərh verib:

“Türkiyədə hazırlıq keçdiyimiz bir ay müddətində yeganə haldır ki, hər şey istədiyim kimi olmadı. Komandanın oyuna münasibətindən narazı qaldım. Hətta buna təəccübləndim. Digər tərəfdən isə belə olması yaxşıdır. Çünki biz gördük ki, futbola kifayət qədər düzgün yanaşmayanda, tam qüvvə ilə oynamayanda necə oluruq.

Həmişə, elə bu gün də futbolçulara demişəm ki, belə hallar yaşanmamalıdır. Rəqibin aqressiv oynamasından gileylənə bilmərik. Çalışır, mübarizə aparırdılar. Bəlkə də hansısa epizodlarda bizə kobud, çox sərt görünürdülər. Amma oyunçuları istəkdə, çalışqanlıqda qınamaq olmaz. Bu komanda futbola münasibətin əsl nümunəsidir.

Toplanışın belə başa çatmasının necə təsir edəcəyini söyləmək çətindir. Amma mənə elə gəlir ki, bu matç bizim xeyrimizə olacaq. Türkiyə hazırlıqlarında çox yaxşı məşq etdik, gözəl toplanış keçirdik. Ümid edirəm ki, bugünkü matç istisna, anlaşılmazlıqdır və biz bundan fayda götürəcəyik”.

Həmin kateqoriyadan