Rusiya, Çin, Fransa, İrlandiya və ABŞ kimi ölkələr Rio-2016-ya bizdən az boksçu ilə yollanacaq

Rio-2016-nın boks yarışına qatılacaq ölkələrin və lisenziya qazanan idmançıların siyahısı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, hələlik 69 ölkədən 255 rinq ustası olimpiya oyunlarında iştirak hüququ qazanıb. Son vəsiqə sahiblərinin adına iyulun 3-8-də Varqasda keçiriləcək WSB və APB üzrə yekun yarışdan sonra aydınlıq gələcək.

Rio-de-Janeyroya yollanacaq ölkələr arasında Azərbaycanın lider mövqeyini qoruyacağı sözsüzdür. İlk dəfə kişilərin yarışında tam heyətlə təmsil olunacağımız Olimpiadada millimiz lisenziya qazanan 64 ölkədən öndə gedir. Yarışda Azərbaycan kimi Kuba, Böyük Britaniya, Qazaxıstan və Özbəkistan bütün çəki dərəcələrində rinqə çıxacaq.

Müqayisəyə gəlincə, Rusiya, Çin, Fransa, İrlandiya, Mərakeş və ABŞ kimi ölkələr Braziliyaya Azərbaycandan az boksçu ilə yollanacaq.

Qadınların yarışında isə aktivimizdə bir lisenziya var. Bu siyahıda Çin və Mərakeş 100 faizlik nəticə göstərib. Qeyd edək ki, “Rio-2016”da boks yarışları avqustun 6-dan 21-dək davam edəcək.

Həmin kateqoriyadan