Tərlan Əhmədov: Mən “Neftçi”yə gələndə 1 xalımız vardı, indi 46 xalla mükafatçılar sırasındayıq

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqasının son turunda “Kəpəz” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, 2:1 qalib gəlib bürünc medal və avroliqaya vəsiqə qazandıqları görüş barədə bunu deyib:

“Meydana 3 xal üçün çıxmışdıq, onu da qazandıq. Mən komandaya gələndə 1 xalımız vardı, indi isə 46 xalla mükafatçılar sırasındayıq. Bu işdə bizə dəstək olan “Neftçi” ailəsinin hər bir üzvünü, futbolçuları, o cümlədən uzun məsafə qət edən azarkeşlərimizi təbrik edirəm və “çox sağ ol” deyirəm. Bu uğurda “Neftçi” ailəsinin hər bir üzvünün əməyi var. İlboyu çətin günlərdə bizə dəstək verən, “Neftçi” ailəsinin ayrılmaz hissəsi olan fanatlarımıza təşəkkür edirəm”.

Jurnalistlərin suallarını cavablandıran baş məşqçi meydana sonradan buraxdığı Fransisko Qarsianı yenidən əvəzləməsini belə izah edib: “Kirilo Petrov qırmızı vərəqə ilə cəzalandırılandan sonra meydana yenicə daxil olmiş Qarsianı məcburiyyətdən əvəzlədim. Çünki cinah oyunçumuz olmadığı üçün Rəhman Hacıyevi çıxara bilməzdim. Buna görə də Qatoya üzrxahlıq etdim ki, gələcək oyunlarında bu əvəzetmənin ona heç bir təsiri olmasın”.

Tərlan Əhmədov futbolçuların Ramazan ayında oruc tutmaqda azad olduqlarını deyib: “Mən Allahın əmrinə qarşı çıxa bilmərəm. Hər bir futbolçu bu işdə ixtiyar sahibidir, dində azaddır”.

Həmin kateqoriyadan