Türkiyədə legioner limiti ləğv olundu

Türkiyə Futbol Federasiyası gələn mövsüm tətbiq olunacaq yeni legioner limiti qaydasını açıqlayıb. Allsport.az xəbər verir ki, yeni qərara əsasən, bir komanda heyətində ən çox 28 futbolçu saxlaya biləcək.

Bunlardan 50 faizi, yəni ən azı 14-ü türk olmalıdır. Həmin futbolçuların minimum ikisi isə klubun öz yetirməsi olmalıdır.

Ən böyük maraq doğuran məqam isə komandalara meydana 11 legionerlə çıxmaq sərbəstliyinin verilməsidir. Belə ki, 18 nəfərlik iştirak ərizəsində maksimum 11 əcnəbinin adı olacaq. Bu, 11 əcnəbinin hamısının eyni vaxta meydanda olmasına da imkan verəcək.

Xarici milli komandaları seçən türk oyunçular legioner statusunda sayılacaq. Ancaq bu ana kimi türk statusunda oynamış başqa milli komandaların türk əsilli üzvləri bu qaydadan təsirlənməyəcək.

Yeni qaydalara əsasən, TFF milli komandaya futbolçu göndərən klublara pul ödəyəcək. Daha bir dəyişiklik isə legionerlərin lisenziya məsələsindədir. Belə ki, klublar transfer etdiyi hər birinci legionerə görə, 40 min, ikinci üçün 60 min, üçüncü üçün 75 min, dördüncü və sonrakılar üçün 100 min lirə ödəyəcək.

Legioner limitini pozan klublara və futbolçulara cərimə balları veriləcək. Son olaraq, yeni qaydalara əsasən, borcu olan klub əcnəbi futbolçu transfer edə bilməyəcək. Söhbət vergi, sığorta, oyunçulara olan borc, UEFA və ya FİFA-ya olan borclardan gedir.

Həmin kateqoriyadan