Umberto Orta Dominqes: “Olimpiadaya 6 lisenziya qazansaq, çox məmnun olacağıq”

Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları Tokio-2020 yay olimpiya oyunları üçün lisenziya turnirlərinə hazırlığı davam etdirirlər. Allsport.az xəbər verir ki, yığmalar ötən ilin noyabr ayından başlayan təlim-məşq toplanışının artıq son mərhələsinə start veriblər.

Umberto Orta Dominqesin baş məşqçisi olduğu kişilərdən ibarət komanda Bakı-Tailand-Bakı hazırlığının ardından məşqləri Türkiyədə davam etdirir. Kubalı mütəxəssis səfərə yollanmazdan öncə açıqlama verib:

“Hazırlığımız çox yüksək səviyyədədir və boksçularımız yaxşı formadadırlar. Təlim-məşq toplanışımız davam edir. Milliyə gəldiyim vaxtla bu günü müqayisə etsək, komandamızın hər bir üzvünün səviyyəsinin çox yüksəldiyini vurğulaya bilərəm.

Fiziki, taktiki və texniki hazırlığımız yarışların startınadək bitməyəcək. Son günədək bütün gücümüzü səfərbər edəcəyik. Hər şey plan üzrə getdiyindən turnirlər zamanı daha yaxşı formada olacağıq. Məşqçilər heyəti birgə boksçularımızın səhvlərini düzəldirik və çatışmazlıqları aradan qaldırırıq”.

Dominqesin sözlərinə görə, lisenziya turnirlərində heyətdə kimlərin yer alacağı hələ bəlli deyil:

“Yığmanın hər bir üzvü ilə bağlı təhlillər aparırıq. Tailandda təlim-məşq toplanışında sınaq döyüşləri keçirdik və özümüz üçün qiymətləndirmə etdik. Hər boksçu artıq öz gücünü və nəyin üzərində işləmək lazım olduğunu bilir.

Bəzi çəkilərdə 2 eyni gücdə boksçular da var. Amma bəzilərində kimin kimdən güclü olduğu bilinir. Buna baxmayaq, Londonda olacaq ilk lisenziya turnirinə hələ 1 ay vaxtımız qalıb. Ona görə də son məşqlər çox şeyə aydınlıq gətirəcək”.

Kubalı mütəxəssis əsas hədəfin Tokio-2020-yə 6 lisenziya əldə etmək olduğunu bildirib:

“Biz komandanın hər bir üzvünün Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına çalışırıq. İşin çətinliyini də bilirik. Olimpiadaya 6 lisenziya qazansaq, çox məmnun olacağıq. Məqsədimiz 8 vəsiqədir. Amma bilirik ki, bu, elə də asan olmayacaq”.

Yığmanın baş məşqçisi Türkiyə toplanışında əsasən taktika və texnika üzərində işləyəcəklərini də sözlərinə əlavə edib:

“Sınaq döyüşlərini Tailandda keçirib, özümüz üçün qiymətləndirmə çıxardığımızdan Türkiyədə yoxlama görüşləri planlaşdırmırıq. Çünki yarış öncəsi intensiv məşqlər keçəcəyik. Əgər lazım biləcəyiksə, türklərlə yoxlama döyüşləri ola bilər”.

O qeyd edib ki, martın 1-dək davam edəcək hazırlıqda lisenziya turnirləri üçün təxmini heyəti müəyyənləşdirəcək. Amma “səkkizlik” Bakıya qayıtdıqdan sonra dəqiqləşəcək.

Həmin kateqoriyadan