Ümumdünya Boks Seriyasının yeni mövsümünün təqdimatı keçirilib

Isveçrənin Lozanna şəhərində Ümumdünya Boks Seriyasının yeni mövsümünün draftı keçirilib. Allsport.az saytı xəbər verir ki, “Baku Fires” yeni mövsüm üçün belaruslu Mixail Dolqolivetsi (81 kq) yenidən sifariş edib. USA Knockouts, “Puerto Rico Hurricanes” və “Venezuela Caciques” klubları yeni boksçu alışında daha fəal iştirak ediblər. WSB-nin baş direktoru Kərim Bouzidi yeni mövsümü səbirsizliklə gözlədiklərini deyib:

“Altıncı çempionat da əvvəlkilər kimi maraqlı olacaq. Yanvarda başlayacaq mövsümdə bir sıra yeni boksçular görəcəyik. Liqaya yeni komandaların cəlb olunması boksun bir idman növü kimi populyarlaşmasına xidmət göstərir”. Tədbiri açıq elan edən AİBA-nın WSB komissiyasının sədri Franko Falçinelli debütantlar Özbəkistan və Türkiyə klublarını salamlayıb. İspaniyalı Damian Biaço “British Lionhearts” komandası tərəfindən draftda alınan ilk boksçu olub.

Britaniya komandası bundan başqa, Koryun Soqhomonyan (52 kq), Avropa çempionatının bürünc mükafatçısı Peter Belberov (+91 kq), “Strandja” turnirinin qalibi Radoslav Pantelyev (81 kq) və macarıstanlı Zoltan Harskanı (75 kq) transfer edib. Əsas gözlənilməz transferlərdən biri ABŞ klubunun Filip Hrqoviçi (+91 kq) ələ keçirməsi olub. Xorvatiyalı boksçu ötən mövsüm “Astana Arlans”ın heyətində bütün görüşlərdə qalib gələrək, Rio Olimpiadasına vəsiqə qazanıb.

“Rafako Hussars Poland” komandası Olimpiya Oyunlarının bürünc mükafatçısı irlandiyalı Patrik Barnsla anlaşıb. 16 komandanın iştirak edəcəyi WSB liqasının yeni mövsümü yanvarda start götürəcək. Qeyd edək ki, draftda ölkəmizi “Baku Fires”in baş direktoru Rizvan Gənciyev təmsil edib.

Həmin kateqoriyadan