Yunis Hüseynovun baş məşqçi olması rəsmiləşib

“Kəpəz” klubunun yeni baş məşqçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, müşahidə şurasının qərarına əsasən, komanda Yunis Hüseynova həvalə olunub. MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Beləliklə, o, “Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi postunda əvəz edib.

Gəncə futbol məktəbinin yetirməsi olan Yunis Hüseynov karyerasına “Kəpəz”də başlayıb. O, Nizami yurdunun təmsilçisi ilə yanaşı, “Neftçi” və “ANS Pivani”də də çıxış edib, İranda legionçu həyatı yaşayıb. Milli komandanın şərəfini qorumuş Hüseynov futbolçu kimi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. İki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib, ən yaxşı idmançı kimi “Humay” milli mükafatına layiq görülüb. Oyunçu karyerasını “Kəpəz”də başa vuran sabiq yarımmüdafiəçi məşqçilik fəaliyyətinə “Karvan”da (Yevlax) başlayıb.

Sonra “Standart” (Bakı) və “Xəzər Lənkəran” (Lənkəran) kimi klublarda baş məşqçi işləyib. Yunis müəllim Yevlax klubu ilə Azərbaycan çempionatının bürünc və gümüş medallarını qazanıb. Lənkəran təmsilçisi isə onun rəhbərliyi ilə ölkə çempionatında 2-ci yeri tutub. Hər iki komanda 52 yaşlı mütəxəssisin başçılığı ilə qitə miqyaslı turnirlərdə təmsil olunub və mərhələ adlayıb. Yeri gəlmişkən, “Karvan” UEFA kubokunda mərhələ adlayan ilk Azərbaycan klubu olaraq adını futbolumuzun tarixinə yazıb. “Xəzər Lənkəran” da ilk dəfə məhz onunla Avropa yarışında mərhələ keçib.

Qeyd edək ki, Yunis Hüseynov komanda üzvlərinə sabah təqdim olunacaq.

Həmin kateqoriyadan