Avropa çempionatı ərəfəsində federasiyada görüş

19-22 martda İstanbulda 50-ci Avropa çempionatı ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi məşqçilər, idmançılar və hakimlərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, kimono ustalarımıza uğurlar arzulayan federasiya prezidenti Yaşar Bəşirov, qarşıdakı yubiley Avropa çempionatında milli komandadan yüksək nəticələr gözlənildiyini nəzərə çatdırıb.

Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov qarşıya qoyulan məqsədə nail olunmasına komandanın hazır olduğunu deyib. Milli komandanın kapitanı Şahin Atamov ötən ilki uğuru təkrarlamağa çalışacaqlarını söyləyib.

1-ci vitse-prezident, Baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) rəsmi nümayəndəsi İlham Qasımzadə ABB sədri Cahangir Hacıyevin salamlarını çatdıraraq milli komandamıza uğurlar arzulayıb və qarşıdan gələn “Novruz” bayramı münasibəti ilə federasiya personalı və idmançıları baş sponsor tərəfindən ayrılmış bayram mükafatları ilə təltif edib.

Azərbaycan milli komandası 2014-cü il mayın əvvəlində Finlandiyanın Tampere şəhərində Avropa çempionatından 1 qızıl, 2 gümüş və 1 bürünc medalla qayıdıb. 3 final görüşünə çıxan milli komandamız tarixində ilk dəfə komanda yarışlarının Avropa çempionu olub.

Həmin kateqoriyadan