Avropa Top-16 kubokunda kimlər qalib oldu?

Dünən Milli Gimnastika Arenasında stolüstü tennis üzrə Avropa Top-16 kuboku yarışları başa çatıb. Allsport.az saytı xəbər verir ki, turnirdə kişilər arasında mübarizədə Almaniya təmsilçisi Dmitri Ovtçarov, qadınların yarışında isə avstriyalı idmançısı Jia Liu birinci olublar.

Yarışın sonuncu günü gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Qadınlar arasında mübarizənin finalında Jia Liu Almaniya təmsilçisi Petrissa Solyanı 4:1 (11:3, 12:14, 11:8, 11:3, 11:9) hesabı ilə məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıb. 3-cü yerin sahibi Niderland idmançısı Jiao Li üzərində 4:3 (11:8, 6:11, 11:9, 10:12, 11:8, 7:11 və 11:7) hesabı ilə qələbə qazanan almaniyalı İrene İvankan olub.

Kişilərin yarışında isə Dmitri Ovtçarov olduqca gərgin keçən final qarşılaşmasında portuqaliyalı Freytaş Markuş üzərində 4:3 (10:12, 11:7, 9:11, 8:11, 12:10, 11:7 11:4) hesabı ilə qələbə qazanaraq titulunu qoruyub. 3-cü yeri Yunanıstan təmsilçisi Gionis Panagiotis tutub. O, üçüncü yer uğrunda oyunda Fransa idmançısı Simon Qauzini məğlub edib – 4:3 (5:11, 11:7, 4:11, 10:12, 12:10, 11:8, 11:1).

Yarışların bağlanış mərasimində Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildiriblər ki, yüksək səviyyədə təşkil olunmuş turnir ölkəmizdə idmana göstərilən diqqət və qayğının göstəricisidir. Qeyd olunub ki, yarışlarda 17 Avropa ölkəsindən 34 idmançı mübarizə aparıb.

Azərbaycanı bu turnirdə qadınların mübarizəsində Məryəm İmanova, kişilərin yarışında isə Fərhad İsmayılov təmsil ediblər. İdmançılarımız qrup mərhələsində keçirdikləri hər 3 oyunda məğlub olaraq turnirdə iştiraklarını dayandırıblar.

Həmin kateqoriyadan