“Azərbaycanı layiqincə təmsil etmək borcumuzdur”

Avropa çempionatının elit mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının ötən gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda açıq məşqi olub. Allsport.az xəbər verir ki, məşqdən əvvəl yığmamızın baş məşqçisi Mirbağır İsayev mətbuat nümayəndələrinə açıqlama verib:

“İlk növbədə komandaya diqqət ayırdığınız üçün sizə təşəkkür edirəm. Martın 2-dən təlim-məşq toplanışındayıq. Gündə iki dəfə məşq edirik. Hazırlıq plana uyğun davam edir. Toplanış ərzində iki yoxlama görüşündə qüvvəmizi sınamışıq. Heyətimizdə zədəli futbolçular var. Kazım Birkan, Ziya Əzizov zədəlidirlər. Deməzdim ki, bunlar komanda üçün ciddi itkidir. Ancaq oynasaydılar, böyük köməkləri olardı.

Əsas məqsədimiz ilk oyunadək futbolçuların hazırlığını pik həddə çatdırmaqdır. Yaxşı hazırlıq keçmək üçün AFFA tərəfindən hər cür şərait yaradılıb. Baş katib Elxan Məmmədov da komanda ilə görüşərik hazırlığın gedişi ilə maraqlandı. Bu özü də futbolçular üçün bir stimuldur.

Rəqiblərin oyunlarına baxıb analiz etmişik. Hər biri haqda məlumatımız var. Qrupumuzda yer alan bütün rəqiblərlə mübarizə aparmaq olar. Azərbaycanı layiqincə təmsil etmək borcumuzdur. Oyunların Bakıda keçirilməsinin mənfi və müsbət tərəfləri var. 16-17 yaşlı futbolçuları psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdır ki, meydanda əsl mübarizəyə hazır olsunlar. Bütün oyunlar bizim üçün əhəmiyyətlidir. İlk qarşılaşmada qələbə qazansaq, futbolçuların özlərinə inamı daha da yüksələcək. Novruz Bayramında xalqımıza sevinc bəxş etmək istəyirik”.

Həmin kateqoriyadan