Çingiz Abdullayev “Neftçi”nin Müşahidə Şurasının sədri seçildi

Bu gün “Neftçi” idman klubu yeni rəhbərini seçib. Allsport.az xəbər verir ki, SOCAR-ın inzibati binasında keçirilən iclasda çıxış edən “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib ki, bu gün nəinki “Neftçi”nin, eləcə də Azərbaycan futbolunda dəyişikliyin vaxtı çatıb.

Onun sözlərinə görə, hələ ötən il klublarda Müşahidə Şurasının yaradılması qərara alınmışdı: “Neftçi” futbol klubu ayrı qurum idi. Bizim “Neftçi” idman klubumuz var ki, burada 36 idman növündə 5 minə yaxın idmançı var. “Azərneftyağ” Neft Emalı Zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Bu gün bununla bağlı qərar verdik. “Neftçi” idman klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Seçim sonra olacaq. Düşündük ki, bu şurada tanınmış simalar yer alsın. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik etsin. O, “Neftçi” sevərlərdəndir. Sağ olsun ki, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçularımız Mübariz Zeynalov və Səməd Qurbanov da bu şurada iştirak etməyə razılıq verdilər. Zaur Qəhrəmanov və mən də bu şurada yer alacağıq. “Neftçi”nin səhmləri buraxılacaq. Bizdə gələn ilə qədər artıq şəxsi klub olmayacaq, ictimaiyyət idarə edəcək”.

Sonra çıxış edən Çingiz Abdullayev futbolu çox sevdiyini deyib: “Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt “Neftçi”ni də məğlub etmişdik. O vaxt cəsarətim çatırdı, başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. Amma söz verirəm ki, meydana çıxmayacağam. Futbolu da bilirəm. Uşaqlıqda həmişə “Neftçi”nin stadionunu dolu görürdük. Amma 1966-cı ildən sonra böyük uğurumuz olmadı. Bu təklifi eşidən kimi razılıq verdim”.

Bununla bağlı mətbuat konfransında çıxış edən SOCAR-ın (“Neftçi”nin baş sponsoru) prezidenti Rövnəq Abdullayev bildirib ki, Çingiz Abdullayev “Neftçi” İdman Klubunun Müşahidə Şurasının sədri vəzifəsinə təsdiq edilib.

Həmin kateqoriyadan