Dünya kubokunda bizdən kimlər çıxış edəcək?

Noyabrın 5-6-sında Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı idman sarayında 6 komanda iştirak edəcək. Artıq bütün seçmələrin heyəti müəyyənləşib.

Millidə baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi – 55 kq), Murad Məmmədov, Nihat Məmmədli (60 kq), Taleh Məmmədov, Ziya Babaşov (63 kq), Həsrət Cəfərov, Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə, Qurban Qurbanov (72 kq), Sənan Süleymanov, Elcan Məmmədov (77 kq), Rafiq Hüseynov, Nəsir Həsənov (82 kq), Laçın Vəliyev, Murad Əhmədiyev (87 kq), Arif Niftullayev, Zamir Maqomedov (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) yer alıblar.

“A” qrupunda Türkiyə, İran və Qırğızıstan, “B” qrupunda isə Azərbaycan, Serbiya və Dünya yığması qərarlaşıblar. Reqlamentə əsasən, qrup qalibləri finala yüksələcək. Qrup ikinciləri isə bürünc medal uğrunda mübarizə aparacaq.

Yarışın proqramına gəlincə, noyabrın 5-də gündüz (10:00-12:30) seansında Türkiyə – İran görüşü, bundan sonra isə Azərbaycan – Serbiya qarşılaşması start götürəcək. 16:00-16:30-da tədbirin təntənəli açılış mərasimi keçiriləcək. 17:00-dan etibarən isə sırayla 4 görüş (İran – Qırğızıstan, Serbiya – Dünya seçməsi, Türkiyə – Qırğızıstan, Azərbaycan – Dünya yığması) baş tutacaq.

Noyabrın 6-da 17:00-da 3-cü yer uğrunda görüşə start veriləcək. 18:30-da isə finalın başlaması nəzərdə tutulub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish