2 güləşçimiz finalda

2 güləşçimiz finalda

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Allsport.az xəbər verir ki, yarışın beşinci günündə qadın güləşi üzrə 57 və 59 kq-da, sərbəst güləş üzrə isə 61, 86 kq-da finalçılar müəyyənləşib.

Günay Qurbanova (57 kq) yarımfinaladək rəqiblərini vaxtından əvvəl məğlub edib. Təmsilçimiz macarıstanlı Liliana Kapuvari (12:1), özbəkistanlı Ülbiyə Qarılıbayeva (11:1) və kanadalı Aqniya Krakovskaya (tuş) tam üstünlüklə qalib gələrək adını yarımfinala yazdırıb. O, yarımfinalda hindistanlı Tanvi Gundeş Maqdumu “tuş”la udaraq U-20 dünya çempionatının finalına yüksəlib. Günay sabah həlledici görüşdə yaponiyalı Konami Onoyla qarşılaşacaq.

Ruzanna Məmmədova (59 kq) da rəqiblərinə heç bir şans tanımayıb. 3 qat U-20 Avropa çempionumuz ispaniyalı Rosa Molina Rodrigeslə (10:0) hindistanlı Komal Komalı (14:2) tam üstünlüklə məğlub edərək yarımfinala adlayıb. Ruzanna yarımfinalda Macarıstan təmsilçisi Eda Balaşı da maksimum fərqlə udaraq (11:0) finala vəsiqə qazanıb. Məmmədova sabah yaponiyalı Sae Noquçiylə güləşəcək.

Camal Abbasov (61 kq) moldovalı Marçel Andronake və monqol Dulquun Enxbaatara 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda amerikalı Aaron Ceyms Zaydelə məğlub olub – 2:13. Camal sabah təsəlliverici görüşə çıxacaq.

Məhəmməd Abbaszadə (86 kq) bolqarıstanlı Alan Tigiyevi “tuş”la mübarizədən kənarlaşdırsa da, 1/4 finalda türkmənistanlı Alp Arslan Begenjova 1:14 hesabıyla uduzub.

Həmin kateqoriyadan