Dünyanın reytinqli atıcıları Qəbələyə toplaşacaqlar

«Qəbələ» atıcılıq klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyi ilə dünya kubokunun finalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarış 7 mərhələdən ibərətdir.

21-28 oktyabrda Qəbələdə təşkil olunacaq həlledici rəqabətdə, dünya reytinqinin üst sıralarında qərarlaşmış 280 güllə və stend atıcısı mübarizə aparacaq. Sözü gedən sınaq cari ildə Beynəlxalq Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra, ən mühüm yarış hesab olunur. Bu səbəbdən, iştirak edəcək ölkələrin sayının 40-a çatdığı öz təsdiqini tapıb. Tədbirə beynəlxalq qurumun prezidenti Oleqario Vaskes Ranya, baş katib Frans Şrayber və Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisinin də qatılacaq.

Ölkəmizi bu yarışlarda Nurlanə Cəfərova və Emin Cəfərov (hər ikisi – dairəvi stend) , İradə Aşumova və Ruslan Lunev (güllə atıcılığı ) təmsil edəcəklər.

Nəzərinizə çatdıraq ki, mübarizənin ilk günü, 22 oktyabrda Heydər Əliyev adına Konqres Mərkəzində yarışların təntənəli açılışı keçiriləcək. Turnir beynəlxalq təşkilatın rəsmi televiziya kanalı ISSF TV-də canlı yayımlanacaqdır.

Həmin kateqoriyadan