“Hətta bizi sevməyənlər də bu biabırçılıqdan danışırdı”

AzAL klubunun vitse-prezidenti Fikrət Hüseynov qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Öncə 2014-cü ilin yekunları ilə bağlı danışaq. Ötən il AzAL üçün necə yadda qaldı?
– Ötən il biz 14 futbolçu ilə ilə yollarımızı ayırdıq və yeni komanda qurduq. Baş məşqçi vəzifəsinə isə Tərlan Əhmədov gətirildi. İlk aylar ərzində komandada uyğunlaşma problemləri oldu. Amma ilin sonuna kimi olan müddətin qısalığını nəzərə alsaq, hər şey normal getdi. Bir çox mövqedə problemlər olsa da, komandanın oyunu var. Biz də əlimizdən gələni edirik ki, bu nöqsanlar aradan qaldırılsın. Çempionatın ilk yarısı bitəndən sonra da bir neçə futbolçu ilə yollarımızı ayırdıq. Onların yerinə komadaya 4 futbolçu cəlb olunub. Bir çox əcnəbi və yerli futbolçu da dəvət olunacaq.

– Bir çox klublarımız təlim-məşq toplanışı üçün artıq Türkiyənin Antalya şəhərinə yollanıb. AzAL-ın planları necədir?
– Komandamız Antalyaya getməyəcək. Biz artıq iki gündür məşqlərə start vermişik. Azərbaycanda 4 yoxlama oyunu nəzərdə tutmuşuq. İki dəfə “Sumqayıt”la yoldaşlıq görüşü keçirəcəyik. Qalan iki rəqibimiz isə birinci divizion klublarımızdan olacaq. Yanvarın 20-dən sonra komandamız Gürcüstana yola düşəcək. Qonşu ölkədə də bir neçə yoldaşlıq görüşümüz olacaq.

– Komandanız Gürcüstanda hansı klublarla qarşılaşacaq?
– Hələlik bu barədə dəqiq məlumat yoxdur. Amma Gürcüstanın əsas liqa komandaları ilə danışıqlar aparılır. Yaxın günlərdə rəqiblərimizin kimliyi ilə bağlı məlumat veriləcək.

– Hansı futbolçularla rəsmən yollarınızı ayırdınız?
– Artıq 4 futbolçu komandadan kənarlaşdırılıb. Bunlar Asif Mirili, Orxan Səfiyaroğlu, Tural Nərimanov və Con Kordobadır.

– Bu futbolçuların yerinə komandaya yeni oyunçular cəlb olunacaqmı?
– Artıq 4 futbolçu ilə rəsmi müqavilə imzalamışıq. Bunlar Ruslan Nəsirli, Azər Məmmədov, Nicat Qurbanov və Aleksandr Şemonayevdir.

– Bir müddət əvvəl Tərlan Əhmədovla da yolları ayıracağınız söylənilirdi.
– Bu məlumatlar həqiqətə uyğun deyil. Bizim baş məşqçi ilə 2.5 illik müqaviləmiz var. Komandamız yeni qurulub və onun işi bizi qane edir. Premyer Liqada və Azərbaycan kubokunda pis nəticə əldə etməmişik. Amma yenə də hər şey mövsümün sonunda bilinəcək.

– Turnir cədvəlindəki hazırkı mövqeyiniz sizi qane edir?
– Çempionatın ilk dövrəsində komandamız bir neçə oyunda hakimlərin səhvlərindən vacib xalları itirdi. “Simurq”,”İnter”,”Xəzər Lənkaran”la matçlarda qələbəni əldən verdik. Həmin oyunlarda qalib gələ bilsəydik, bu gün 4-cü pillədə olacaqdıq. Xüsusilə də “Qəbələ” ilə oyunda hakimin kobud səhvləri bizi iki xaldan etdi. Həmin oyundan sonra hətta AzAL-ı sevməyən insanlar da bu biabırçılıqdan danışırdı.

– Komandanızdakı bütün yenilikləri nəzərə alsaq, qış fasiləsindən sonra yeni AzAL görə bilərik?
– Komandamız artıq özünəməxsus yeni sistem qurub və həmin sistemlə oynayır. Amma hər klubda olduğu kimi bizim də problemlərimiz var. Xüsusilə müdafiə xəttindəki problemlər işimizə mane olur. Əsasən müdafiənin üstündə işləmək lazımdır. Bu məsələ ilə də bağlı işlərimiz davam edir. Əvəzedici heyətdən yeni futbolçular dəvət edəcəyik. Artıq demək olar ki, futbolçular öz oyunlarını tapıb.

– Müdafiədəki problemləri aradan qaldırmaq üçün hansı işlər görülür?
– Dəyişiklik olmalıdır. Bir neçə futbolçu ilə danışıq aparırıq. Komandaya layiqli oyunçular dəvət etmək istəyirik ki, çempionatımıza gözəllik versin. Əcnəbi futbolçular olanda da səviyyəli olmalıdır.

– AzAL-ın çempionatın sonu üçün planları nədən ibarətdir?
– Əsas məqsədimiz çempionatı ilk üçlükdə bitirib Avropa Liqasına vəsiqə qazanmaq idi. Amma itirilən xallar buna imkan vermədiyi üçün artıq əsas diqqətimizi Azərbaycan kubokuna yönəltmişik. Ən azından kubokun finalında oynamaq istəyirik. İnanıram ki, sonda yaxşı nəticə əldə edəcəyik. Çünki bu gün AzAL-ın çox yaxşı kollektivi var.

Həmin kateqoriyadan