İsa Atayev: “Qrup mərhələsini lider kimi başa vuracağıq”

Təlim-məşq toplanışını davam etdirən futzal üzrə millimiz məşqlərini gündə 2 dəfə olmaqla Bakı idman sarayında həyata keçirir. Allsport.az xəbər verir ki, karyerasını ölkə xaricində davam etdirən futzalçılar komandaya bu gün qoşulacaq.

Baş məşqçi Joze Alesio Da Silva müsahibəsində də qeyd etdiyi kimi, yalnız İsa Atayev fərdi çalışmalarla kifayətlənir.

Futzalçı tezliklə komandaya qoşulacağını, oyuna hazır olacağını bildirib:

“Zədə üzündən fərdi qaydada məşq edirəm. İki gündən sonra komanda ilə birgə çalışmalara qoşulacağam. Həkim oyuna qədər tam hazır olacağımı deyib. Özüm də bu qarşılaşmalarda meydana çıxmağı, komandama kömək etməyi çox istəyirəm.

Baş məşqçi də artıq komandanın yanındadır. Plan üzrə çalışmalarımız davam edir. Əlbəttə, tam formaya düşmək, oyuna istədiyimiz kimi hazır olmaq üçün vaxtımız azdır. İndi yaradılmış imkandan mümkün qədər istifadə edirik. Komanda olaraq hələ tam yığışmamışıq. Başqa klublarda çıxış edən oyunçularımız hələ milliyə qoşulmayıb. Əgər heyətin bütün üzvləri ilk gündən bir yerdə olsaydı, yəqin ki, effekt daha çox olardı.

Qrup mərhələsinə Slovakiya ilə duellə start verəcəyik. Reytinq cədvəlinə uyğun fikir bildirsək, favorit Azərbaycan millisidir. Slovakiya bu yolda əsas rəqibimizdir. Moldovanı da kiçiltmək olmaz. Yunanıstana gəldikdə, bu komanda ilkin mərhələdən mübarizəyə başlayıb və pley-off-da Türkiyə millisini səfərdə vurduğu qolların yaratdığı üstünlük sayəsində mübarizədən kənarlaşdırıb. Onlar nə Slovakiyadı, nə də Moldova. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir. Bunun üçün də yaxşı start götürməliyik. Slovakiya ilə son 2 ildə 2 dəfə qarşılaşmışıq. Çətin rəqibdir, amma udmaq mümkündür. Məncə, qrup mərhələsini lider kimi başa vuracağıq və məqsədə çatacağıq.

İlk dəfə qrup mərhələsi ev-səfər sistemi ilə keçiriləcək. Bu format daha maraqlı olacaq. Çünki hər bir rəqiblə iki oyun keçirəcəksən. Təəssüf ki, pandemiya ilə əlaqədar oyunlar azarkeşsiz keçirilir. Ancaq gələcəkdə bu sistem azarkeşlər üçün də maraqlı olacaq. Artıq hər kəs millini doğma meydanda da izləmək imkanı qazanacaq”.

Futzal üzrə Azərbaycan millisi yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq.

Həmin kateqoriyadan