“Ay-ulduzlular”ımızın rəqibi Malta yığmasında nigeriyalı hücumçu!

Malta yığmasının baş məşqçisi Pyetro Qodin komandasının hücum xəttini gücləndirmək yönündə önəmli addım atıb. Allsport.az xəbər verir ki, bundan sonra yerli “Qormi” klubunun hücumçusu Alfred Effionq da Malta yığmasında çıxış edəcək.

Qeyd edək ki, Effionq 2005-ci ildən Malta çempionatında oynayır. O, artıq beş ildir yerli xanımlardan biri ilə ailə də qurub. Məhz bu üzdən əslində nigeriyalı olan futbolçuya Malta vətəndaşlığı verilib. Millinin baş məşqçisi isə onu qarşıdakı oyunlara dəvət etməyə hazırlaşır. Effionqun millidəki rəsmi debüt matçı Azərbaycanla görüşə təsadüf edə bilər. AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək həmin oyun martın 28-də baş tutacaq. Bundan öncə isə ayın 25-də maltalıları Gürcüstan yığması ilə yoxlama oyunu gözləyir.

“Şadam ki, mənim bu istəyim həyata keçdi və mən artıq Malta vətəndaşıyam. Məşqçilərin mənə bəslədiyi ümidləri doğrultmaq istəyirəm. Bu, mənə güvənən və 10 ildən çoxdur yaşadığım ölkənin inamını doğrultmağım üçün bir şansdır”.

Qeyd edək ki, Malta yığması seçmə mərhələdə Azərbaycan millisindən öndədir və hesabında 1 xal var. Bu komanda ilə görüş millimizin çalışdırıcısı Robert Prosineçki üçün ilk rəsmi oyun olacaq.

Həmin kateqoriyadan