Millimizdən tarixi nəticə

Millimizdən tarixi nəticə

Sofiyada boks üzrə Avropa çempionatına yekun vurulub.

Allsport.az xəbər verir ki, medalların sayında və əyarında rekord vuran Azərbaycanın kişi boksçulardan ibarət millisi komanda hesabında ikinci yeri tutub.

Ravşan Xocayevin baş məşqçisi olduğu yığmamız bu tarixi nailiyyətə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla nail olub. İlk pilləni Rusiya (5-2-0) tutub, “üçlüy”ü Ukrayna (1-1-1) qapayıb. Ruslara finallarda 2 məğlubiyyəti Azərbaycan boksçuları yaşadıblar.

Millimiz kişi və qadın boksçuların komanda hesabında isə üçüncü yerdə qərarlaşıb və xüsusi kubokla mükafatlandırılıb. Bu siyahıda Rusiya (7-5-3) birinci, Türkiyə (4-1-5) ikinci yeri tutub.

Komandamızın heyətində Avropa çempionu olan Səidcəmşid Cəfərov isə yarışın ən yaxşı boksçusu seçilib.

43 ölkədən 406 idmançının mübarizə apardığı Avropa çempionatında Azərbaycan boksçularından Sübhan Məmmədovla (50 kq) Səidcəmşid Cəfərov (75 kq) qızıl, Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan