Oğuz Çətin: “Müdafiə və hücum xəttində yeni futbolçulara ehtiyacımız var”

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin qol.az saytına müsahibə verib. Allsport.az sizi türkiyəli mütəxəssisin açıqlamaları ilə tanış edir.

– Komandanızın hazırlıq prosesi necə gedir?
– Çempionatın son turunda oyunsuz qaldıq. Biz də komandada düşkünlük olmasın deyə “Qəbələ” ilə Premyer Liqada keçiriləcək oyunun hazırlıqlarına başladıq. Əsasən zədəli oyunçularımızın yenidən meydana qayıtmaları üçün xüsusi çalışmalarla məşğul oluruq. Qırmızı vərəqə cəzalısı olan Əfran İsmayılov və Sadio Tounkara oynaya bilməyəcək. Rauf Əliyevin də oyuna hazır olması üçün həkimlər əllərindən gələni əsirgəmir. Qalan bütün futbolçularımız qarşıdakı oyuna hazırdır.

– “Araz Naxçıvan“ la həm çempionatda, həm də kubokda ardıcıl oyununuz baş tutmadı. Bu, komandada ruh düşkünlüyü yaratmayıb ki?
– Bəzi problemlər yaradıb. Milli komandanın oyunları ilə əlaqədər yaranan fasilə komandamızda oyun ritminin pozulmasına gətirib çıxardı. Hər şeyi yeni yoluna qoyduğumuz bir anda belə vəziyyətin yaranması isə bizə əlavə problemlər yaradır. Bu, tək bizə aid deyil. Bütün klublarda belə vəziyyət yarana bilər. Amma bir yandan da zədəli oyunçuların sağalıb komandaya kömək edə bilməsi üçün belə fasilələr yerinə düşdü.

– Komandanızın bəzi futbolçuları müdafiə xəttinizin zəifliyindən şikayət edir…
– Çempionatda oynadığımız bütün qarşılaşmalara nəzər salanda görürük ki, biz rəqiblərimizin üstünlüyündən yox, öz səhvlərimizdən qol buraxmışıq. ”İnter”ə məğlubiyyətin əsas səbəbi də elə müdafiə xəttindəki səhvlərimiz idi. ”Neftçi” ilə son oyunda isə futbolçularımızın təxribata uymaması üçün çox xəbərdarlıq etdim. Hesabda irəlidə olduğumuz bir oyunda iki qırmızı vərəqənin alınması da elə oyunçuların səhvləri idi. Halbuki, biz o oyunda üç və ya dörd qol vura bilərdik. Oyunlarımızın əksəriyyətində üstün olan və ən çox qol vəziyyəti yaradan tərəf bizik, amma kiçik yalnışlıqlardan məğlub duruma düşürük. Əsas məqsədimiz də ilk yarının sonunda bu problemləri aradan qaldırmaqdır.

– Qış fasiləsində “Xəzər Lənkaran”a yeni futbolçular dəvət edəcəksinizmi?
– Müdafiə və hücum xəttində yeni futbolçulara ehtiyacımız var. Bu, “Xəzər Lənkaran”ın vacib məsələlərindən biridir. Bu yöndə çalışmalarımız demək olar ki, başlayıb. Həm Azərbaycanda, həm də xaricdə oynayan futbolçuların bəziləri ilə maraqlanırıq. Bunların da içindən layiq olanları kluba dəvət edib, seçimimizi edəcəyik.

– “Qarabağ”ın Avroliqada növbəti mərhələyə keçəcəyinə inanırsınız?
– “Qarabağ” Azərbaycan futboluna örnək bir klubdur. Buna görə həm Qurban Qurbanova, həm də oyunçularına təşəkkür etmək lazımdır. Avropada oynadıqları rəqibləri çox güclü komandalardır. Onlara qarşı çox düzgün mübarizə aparırlar. “Qarabağ” ”Dnepr”i Bakıda məğlub etsəydi, daha yaxşı vəziyyət ola bilərdi. Qrupdan çıxmaq üçün çox gözəl imkanları var idi. O ki qaldı “İnter”lə Bakıdakı oyuna, əminəm ki, “Qarabağ” çox gözəl və layiqli mübarizə aparacaq. Rəqibin oyununa mane olmaq lazımdır. Yəni rəqibin top vurmasına imkan verməməlidir. İnanıram ki, bütün bunları komanda şəklində doğru edib, “İnter”i məğlub edə biləcəklər. Çünki Qurban Qurbanovun komandası həqiqətən bu gücə sahib komandadır.

– “Qarabağ”ı Türkiyə Super Liqasında çıxış edən böyük klublardan hansı ilə müqayisə edə bilərsiniz?
– “Qarabağ”ı “Qalatasaray”, “Fənərbaxça” və digər belə klublarla müqayisə etmək komandanıza haqsızlıq olardı. Çünki onlarla müqayisədə “Qarabağ”ın büdcəsi çox aşağıdır. Bu klubların komandaya cəlb etdikləri futbolçuların hamısı adlı-sanlıdır. Amma “Qarabağ” bu gün Türkiyə Super Liqasında çıxış etsə, çox yaxşı oyun göstərə bilər. Yüksək yerlər uğrunda mübarizə apara bilər.

Həmin kateqoriyadan